Azad edilmiş ərazilərə gedənlər bileti onlayn qaydada alacaqlar

18.01.2022 12:05     Sosreaksiya     309

"Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək".

Musavat.com xəbər verir ki, bunu Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işğaldan azad edilmiş ərazilərəişğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib: "Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir".

F. Cəfərov əlavə edib ki, sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin “COVID-19” virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub".

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun dediyinə görə, işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması prosesi mərhələli şəkildə olacaq: "Marşrutların yoxlanılması məqsədilə 4 sınaq yürüşü həyata keçirilib və müvafiq marşurutların seçilməsinə başlanılıb".

R. Hümmətov əlavə edib ki, yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.

Şərhlər