"Reaksiya" Misir Mədəniyyət Mərkəzinin qonağı oldu - FOTOLAR

19.08.2015 17:32     Sosreaksiya     3399

Bu gün Bakıda Misir Mədəniyyət Mərkəzində görüş keçirilib.

Görüşdə Reaksiya.az analitik informasiya portalının və Misir Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak ediblər.

Görüş çərçivəsində mərkəzin rəhbəri Əhməd Sami Elaydy Misir Mədəniyyət Mərkəzinin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, indiyə qədər həyata keçirdikləri tədbirlər haqqında geniş məlumat verib:

“Misir Mədəniyyət mərkəzi 1999-cu ildən fəaliyyətə başlayıb və Azərbaycanda ilk ərəb mədəniyyət mərkəzidir. Onu da qeyd edim ki, Misir Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Azərbaycan 1992-ci il 18 oktyabrda müstəqilliyini qeyd edib, Misir də noyabr ayında bu müstəqilliyi tanıyıb. Bir-iki ildən sonra isə Azərbaycanda Misir səfirliyi və daha sonra 1994-cü ildə Misirdə Azərbaycan səfirliyi açılıb. Bu, onu sübut edir ki, Azərbaycan bizim üçün çox doğma ölkədir. Mərkəzimiz adından bir sıra konfranslarda, görüşlərdə, tədbirlərdə iştirak edirik. Mərkəzimizə tez-tez qonaqlar dəvət edirik, bu qonaqlar Misirdən də olur. Mədəniyyət günləri keçiririk. Müqaviləyə əsasən bir il Azərbaycanda Misir günləri, növbəti ildə də Misirdə Azərbaycan mədəniyyəti günləri təşkil olunur. Bu il növbə Azərbaycandadır. İnşaallah, bunun keçirilməsinə də nail olarıq. Biz təkcə mədəniyyət sahəsində fəaliyyət göstərmirik, təhsil sahəsində də işlər həyata keçiririk. Misirdən Azərbaycana dövlət xətti ilə gələn tələbələrə nəzarət edirk, onlara əmək haqqı veririk. Azərbaycanlıların da Misirdə təhsil layihəsi üzərində yenidən işləyirik. Mərkəzimizdə həmçinin, çox cüzi qiymətlərlə ərəb dili kursları, pulsuz danışıq klubları təşkil olunur. Dil kurslarındakı cüzi qiymət qoymağımızda da səbəb var. Çünki insanlar pulsuz olan kurslarda bir o qədər də məsuliyyətli olmurlar. Mərkəzimizdə geniş kitabxana təşkil olunub. Kitabxanamızda yerləşən kitabları Azərbaycanın başqa hansısa kitabxanasında tapmaq mümkün deyil”.

İxtisasca Azərbaycanşünas olan  Əhməd Sami Elaydy ölkəmizi  çox sevdiyini söyləyib: “Azərbaycan haqqında 25-ə qədər məqalələrim, tərcümələrim var. Cənab prezidentin müşaviri Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını, yazıçı Vaqif Sultanlının romanını ərəb dilinə çevirmişəm. Hazırda, Əli Həsənov və Aslan Aslanovun müəllifi olduğu “Xocalı soyqırımı” kitabını tərcümə etmişəm. Bu  kitablar Misirdə Mədəniyyət Nazirliyin nəzdində yerləşən milli tərcümə mərkəzində çap olunub. Bu tərcümə mərkəzi ərəb ölkələri arasında ən sanballı tərcümə mərkəzidir. İlham Əliyevin 2010-cu il sərəncamına əsasən “Azərtacın” ərəb dili şöbəsini yaratmışam.

Mərkəzimiz Misirdən bir jurnalist dəvət etmişəm.  O jurnalisitin Azərbaycan haqqında 20-dən çox məqaləsi, Qarabağla bağlı kitabları var. Dəvət etmişəm ki, mərkəzimizdə onunla görüş təşkil edək və Qarabağ həqiqətlərini əks etdirən kitabının təqdimatını edək. Həmin ərəfədə sizin də jurnalistlə görüşməyinizi təşkil etməyi düşünürəm. Razılıq əldə etsəniz, müştərək əməkdaşlığa da başlayarsınız. Bu yaxınlarda bir milyon tirajı olan 3 böyük qəzetdən biri olan “Cumhuriyyət” qəzetinin baş redaktorunu da Misirdən mərkəzimizə dəvət etmişdik”.

Reaksiya.az saytının direktoru Zaur Qəriboğlu ölkə olaraq Misiri çox sevdiyini və hər zaman ona maraqlı görünən  ölkələrdən biri olduğunu söyləyib. O, həmçinin bu əməkdaşlığın hər iki ölkəyə kifayət qədər yararlı ola biləcəyini vurğulayıb: “Əməkdaşlığımız həm bizim, həm Misirin, həm də Azərbaycan üçün maraqlı olar. İnformasiya mübadilələrimiz, ümumilikdə ərəb ölkələri tərəfindən maraqla qarşılanar və bir çox dövlət bu əməkdaşlığın faydalarından yararlana bilər. Bundan əlavə biz ərəb ölkələrinə ezamiyyələr təşkil edə bilərik. Xüsusi müxbirlərimiz hadisə yerinə gedərək ölkələrin hazırkı durumu ilə ilgili dəqiq və dolğun məlumatlar əldə edə bilərlər. Çox adam elə başa düşür ki, Hüsnü Mübarəkdən sonra Misir dağılır, bizim də məqsədimiz oxucuya obyektiv xəbər verməkdir. Bizim jurnalistlərimizin əldə etdiyi məlumatlar təkcə Azərbaycan dilində deyil, müxtəlif dillərdə verilməklə bir çox ölkələrə çatdırılacaq”.

Reaksiya.az-ın baş redaktoru Oqtay Hacımusalı belə əməkdaşlıqların çox əhəmiyyətli olacağını deyib: “Düşünürəm ki, bu, hər iki ölkə üçün gərəklidir, vacibdir. İnformasiya blokadısını yarmaq və doğru informasiyanı çatdırmaq lazımdır. Dünya informasiya bolluğunda içərisində kifayət qədər bilərəkdən və ya bilməyərəkdən yalnış catdırılmış məlumatlar mövcuddur. İstər Misir dövlətini, istər Azərbaycanı istəməyən qüvvələr tərəfindən müxtəlif məlumatlar yayılır. Bizim missiyamız da odur ki, tərəfsiz və dəqiq informasiyanı bütün dünyaya çatdıraq. Təkcə Azərbaycanı, keçmiş MDB ölkələrini deyil, bütün dünya ölkələrini informasiya ilə təmin edən media quruluşuna çevrilək. Bu baxımdan da inanıram ki, əməkdaşlıqlarımız daimi olar".

Daha sonra Əhməd Sami Elaydy qonaqları Mədəniyyət Mərkəzi ilə ətraflı tanış edib. Mərkəzin zəngin kitabxanası, kitabxanadakı müzakirə və oxucu guşəsi qonaqlar tərəfindən maraqla qarşılanıb.  

Xatırladaq ki, həmin kitabxanada müxtəlif sahələri əhatə edən 8 mindən çox kitab yerləşdirlib. Həmçinin, kitabxanada 10 mindən çox kitabın elektron variantı da mövcuddur. Maraqlananlar istifadə etmək üçün buradan iki həftəliyə kitab da götürə bilərlər.

Misir Mədəniyyət Mərkəzinin dəhlizlərinin, konfrans zalının divarlarını bəzəmiş maraqlı incəsənət nümunələri də maraqla qarşılanıb.

Qonaqlar mərkəzdə Misir mədəniyyəti nümunələri ilə yanaşı Azərbaycan incəsənətini əks etdirən eksponatların olmasını da tədqirəlayiq hal kimi qiymətləndiriblər. 

 

Şərhlər

Çox oxunanlar