“Təklif etmişdim ki, həbs edilən o iki cahil hər gün səhər heykələ qulluq etsinlər...”

21.01.2022 12:33     Sosreaksiya     308

“Biz indi hər heykəlin yanına bir polis işçisi qoya bilmərik axı. Bu iki cahil  gecə gəlib orda axmaqlıq edib, həbs olunublar və layiqli cəzalarını da alacaqlar”
 
Reaksiya.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin əlindəki təsbehi qıran iki adam haqqında danışarkən deyib. A.Abbas deyib ki, həbs edilən iki adamın hər gün heykələ qulluq edilməsini də təklif edib:
 
“Mən təklif etmişdim ki, onları hər gün səhər həbsxanadan gətirsinlər və heykələ qulluq etsinlər. Heykəlin ətrafını təmizləsinlər, yusunlar. Bu başqalarına da dərs olsun. Zamanla belə şeylər olub. Düşünmürəm ki, onların hansısa bir məqsədi olub. Yəqin ki, içkili olublar. Bütün bunları istintaq müəyyənləşdirəcək. Yəni bu ağıla gəlməyən, ağılsız adamların, heyvanların işidir”.
 
Qeyd edək ki, bir neçə gün öncə Hacı Zeynalabdin Tağıyevin heykəlinin əlindəki təsbehi bir neçə şəxs qıraraq kənara atıb. Hüquq-mühafizə orqanları dərhal həmin şəxsləri saxlayıb. Qırılan təsbeh isə heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib. Lakin baş verən hadisə cəmiyyətdə birmənalı qarşılanmayıb. 
 

Şərhlər