“Ramiz Mehdiyevin Kərim Şükürova münasibəti 37-ci ilə xas elm soyqırımının təzahürüdür…”
21.01.2022 12:37 Sosreaksiya 310
“Nədən bizim zəhmət haqlarımızdan tutulan vergilər hesabına belə anti-milli mövqeli şəxslər xalqımız və dövlətimiz üçün strateji olan bir müəssisəyə rəhbərlik etməlidir?..”
“Elmlər Akademiyası rəhbərliyinin Tarix İnstitutunun direktoru, görkəmli tarixçi alimimiz Kərim Şükürova aşkar olan münasibəti elm soyqırımının təzahürüdür. Biz belə soyqırıma 37-ci il repressiyaları haqdakı materiallarda rast gəlirdik və müasir dövrdə də belə hallara rast gələcəyimizi gözləmirdik. Təəssüf ki, bunu da gördük. Və bu, əslində Azərbaycan tarix elmi ilə yanaşı, bütövlükdə Azərbaycan elminə və ziyalılığına vurulan bir zərbədir. Kərim Şükürov kimi tarixçi alimə bu cür münasibət milli ideologiyalı tarix elminə qarşı növbəti repressiya dalğasının təzahürüdür. Ona görə çox arzu edərdik ki, dövlət bu cür alimləri öz himayəsinə götürsün. Çünki belə ziyalıları Ramiz Mehdiyev kimi məmurların ümidinə buraxmaq olmaz”.
Bu fikirləri tanınmış tarixçi alim Boran Əziz Moderator.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun akademiyanın prezidenti Ramiz Mehdiyevin anti-demokratik rəhbərlik üsullarına etiraz olaraq vəzifəsindən istefa vermək qərarına münasibət bildirərkən ifadə edib.
“Kərim Şükürov Tarix İnstutunun rəhbəri olduğu qısa müddətdə böyük işlər gördüyünu heç cür danmaq olmaz. Onu da vurğulamaq lazımdır ki, son onilliklərdə bu müəssisədə ərsəyə gəlmiş “Qarabağ: real tarix”, “Naxçıvan tarixi” və s. kimi əsərlər məhz Kərim müəllimin zəhmətinin nəticəsidir. Hesab edirəm ki, yalnız “Qarabağ real tarixi” əsərinə görə Kərim Şükürova dövlət mükafatı düşür. Əslində bu əsərləri yazmaq bütövlükdə institutun görəcəyi işdir ki, bu işi Kərim müəllim, demək olar, təkbaşına görüb...
Kərim Şükürov sovet dövründən bəri imperiya siyasəti nəticəsində Azərbaycan tarix elmində yaranmış boşluqları, o cümlədən marksizm-leninizm nəzəriyyəsi və kommunist ideologiyasına əsaslanan anti-milli, anti-Azərbaycan ideologiyanın izlərinin aradan qaldırılması üçün böyük işlərə start vermişdi. Və bu işləri başlamaq üçün o qısa müddətdə müvafiq struktur yaratmış və həmin strukturlarda qarşıya qoyulan vəzifələri yerinə yetirə biləcək savadlı, istedadlı, perspektivli kadrlar toplamağa başlamışdı. Təbii ki, köhnəliyə qarşı bu mübarizə, köhnə konsepsiyanın aradan qaldırılması, müstəqillik dövrünün tələblərinə uyğun, yeni mövqeli fikirlər və konsepsiyalar ortaya qoyulması bir sıra şəxsləri, o cümlədən də Akademiyanın kommunist təfəkkürlü rəhbərliyini ciddi narahat edib. Əgər narahat etməsəydi, Akademiya prezidenti Kərim Şükürov kimi istedadlı, milli duyğulu, son dərəcə qabiliyyətli bir tarixçini dəvət edib tarix elmi sahəsində qarşıda qoyulmuş vəzifələri necə yerinə yetirmək lazım gəldiyini ondan soruşmaq əvəzinə, onu xırda intriqalara çəkməklə bezikdirməz, onun diqqətini bu vacib problemlərdən yayındırmaq xəttini seçməzdi...
Azərbaycan tarixşünaslığında bir sıra problemləri həll edən, aradan qaldıran, Azərbaycan dili ilə yanaşı, rus, ingilis və s. dillərdə əsərlər çap edən bir alimə qarşı belə davranış böyük təəssüf doğurur. Kərim müəllim Azərbaycan tarix elmini peşəkar şəkildə təmsil edə bilən azsaylı tarixçilərimizdən biridir. Ona görə də belə alimimizə qarşı bu cür davranışı böyük üzüntü ilə qarşıladıq. Çox arzu edərdik ki, müvafiq dövlət qurumları Elmlər Akademiyası rəhbərliyinin bu addımının qarşısını alsın...
Kərim Şükürovu elm sahəsində daim milli mövqedə dayanan, prinsipial, cəsarətli və qiyyətli bir tarixçi kimi tanıyırıq. Ramiz Mehdiyevin ona qarşı belə bir addımı əslində bu əxlaqda olan digər tarixçilərimizi də susdurmaq, onları da kiminsə qılıncının altından keçirməyə yönəlik çox xoşagəlməz bir siyasətdir. Akademiya rəhbəri bu cür davranışlarıyla özünü sovet dövründə respublikanın 1-ci katibi, xalqın yalnız tarixi deyil, milli- mənəvi varlığı ilə bağlı olan bir elmi müəssisənin rəhbərinə isə hansısa rayon partiya komitəsinin işçisi kimi münasibət bəsləyir ki, bu da bütövlükdə bizim elmimizə vurulan ağır bir zərbədir. Ramiz Mehdiyev bu vacib elmi müəssisəyə ciddi qayğı göstərmək, problemləriylə maraqlanmaq əvəzinə, sovet dövrünə xas partiya intriqası metodundan istifadə edir”- açıqlamasının davamında bunları bildirən tarixçi alim Tarix İnstitutu rəhbərinin qısa müddətdə ciddi kadr islahatları apardığını da qeyd edib.
“Kərim Şükürov Tarix İnstitutuna kiminsə qohumu, tanışı, dostu və s. olmaq prinsipi ilə işə götürülmüş elmdən uzaq, təsadüfi adamları da müəssisədən kənarlaşdıraraq və bu tip kadrları da yenidən işə götürməkdən imtina edərək əsl mənada kadr islahatı aparıb. Təbii ki, bu cür kadr siyasəti də Ramiz Mehdiyev kimi avtoritar xarakterli rəhbəri qane etməyib...
Sonda onu da deyim ki, sözün açığı, Elmlər Akademiyasının Azərbaycan vətəndaşlarının əmək haqlarından tutulan pulların hesabına fəaliyyət göstərdiyini düşünəndə bir vətəndaş, bir ziyalı kimi şəxsən mənə aydın olmur ki, nədən bizim zəhmət haqlarımızdan tutulan vergilər hesabına belə anti-milli mövqeli şəxslər xalqımız və dövlətimiz üçün strateji olan bir müəssisəyə rəhbərlik etməlidir. Və odur ki, hesab edirəm ki, xüsusən Azərbaycan ziyalıları, digər problemlərimiz kimi bu məsələ haqda da ciddi düşünməlidirlər”- deyə Boran Əziz vurğulayıb.
Şərhlər