Şuşada ilk sərnişin avtobusunun qarşılanması oldu - Fotolar

24.01.2022 15:08     Sosreaksiya     398

Bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıb.

"Reaksiya.az" xəbər verir ki, saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb.

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Bakı-Şuşa avtobus reysinin açılması şəhər üçün xüsusi əhəmiyyət daşıyır. Kərimov bildirib ki, Şuşanın azad olunduğu gündən bir ildən bir qədər çox vaxt keçibdir. Bu dövr ərzində Prezident İlham Əliyevin tapşırığı və nəzarəti altında şəhərdə irimiqyaslı bərpa və quruculuq işlərinə başlanmışdır. Bunların sırasında tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşasını xüsusi qeyd etmək olar.

Xüsusi nümayəndənin sözlərinə görə Bakı-Şuşa avtobus reysinin ilk sərnişinləri mədəniyyət paytaxtı elan olunan Şuşa ilə əyani tanış ola biləcək, şəhərin dirçəlməsinin canlı şahidi olacaqlar. O, səfərin təşkil olunmasına görə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təşəkkür edib.

Şuşa Şəhər Polis şöbəsinin rəisi Səməd Məhərrəmov sərnişinləri salamlayaraq müvafiq təhlükəsizlik tədbirləri haqqında məlumat vermiş və qonaqlara xoş istirahət arzu edib.

Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.

 

 





 

Şərhlər