“Omikron”un əsas simptomları bunlardır - Açıqlama
31.01.2022 12:17 Sosreaksiya 345
Azərbaycanda koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, “Omikron” ştamının yoluxduruculuğu bir neçə dəfə yüksək olduğu üçün infeksiya dünya ölkələri arasında daha geniş yayılması müşahidə olunur. Bununla əlaqədar ölkədə koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib. Aparılan elmi tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ötən ilin yanvarın 18-dən etibarən Azərbaycanda peyvəndləmə həyata keçirilir və bugünədək uğurla davam etdirilir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkədəki epidemioloji vəziyyətin sabit qalmasına nail olunub".
A.Əliyeva eyni zamanda “Omikron”un ən çox qeydə alınan simptomlarını da açıqlayıb: “Omikron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir. Yeni ştam əsasən yuxarı tənəffüs yollarına - burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır. “Omikron”un ən çox qeydə alınan simptomları - baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər".
"Koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlər verir. “Omikron” ştamına yoluxanlar, xüsusilə də peyvənd olunanlar xəstəliyi daha yüngül keçirirlər. Belə ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda "Omikron" ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda “Omikron”-a görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin “Omikron” ilə təkrar yoluxma riski “Delta” virusla yoluxmadan bir neçə dəfə çoxdur. Yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır" - baş direktorun müavini əlavə edib.
Şərhlər