ABŞ dövlət agentliyinin separatçılara gizli dəstək verməsi üzə çıxıb - FOTOFAKT
04.02.2022 19:15 Sosreaksiya 413
Azərbaycanın Xocavənd rayonunun 2020-ci il oktyabrın 14-də Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş Bulutan kəndində Ermənistanın işğalı illərində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən tibb məntəqəsi tikilib və müvafiq avadanlıqlarla təchiz edilib.
Mediada ABŞ-ın xaricə yardım göstərilməsi sahəsində ali federal dövlət qurumu olan USAID-in işğal olunmuş ərazilərdə tibb mərkəzi tikməklə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini kobud şəkildə pozduğunu əks etdirən fotoşəkillər yayılıb. Fotolardan birində göründüyü kimi, binanın divarına erməni dilində binanın ABŞ federal agentliyi tərəfindən xüsusi təchiz olunduğuna dair elan vurulub. O, tam qorunub saxlanmasa da, hələ də orada təcili yardım məntəqəsinin USAİD-in vəsaiti ilə təchiz olunduğuna dair yazını görmək olar. Bunu növbəti foto da təsdiqləyir. Belə ki, USAİD-in loqosu təcili yardım məntəqəsinin fonunda "gözlənilir".
Qeyd edək ki, bütün bunlar həmsədrlərindən biri ABŞ-ın olduğu ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli ilə məşğul olduğu bir vaxtda baş verib. Yəni, bir tərəfdən ABŞ hökuməti Azərbaycanı "sülhə" çağırıb, digər tərəfdən də ABŞ prezidenti tərəfindən Senatın razılığı ilə rəhbərliyi təyin olunan və dövlət katibi ilə koordinasiyalı fəaliyyət göstərən ABŞ federal agentliyi separatçılara dəstək verib. Bu fakt bir daha ABŞ-ın Azərbaycana qarşı ikili standartlar siyasəti yürütdüyünü göstərir. Ehtimal etmək olar ki, belə tibb məntəqələri təkcə ermənilər tərəfindən işğal olunmuş bir kənddə tikilməyib. USAİD-in də bu faktlara münasibətini işıqlandırmağa hazırıq.
Milli.az
Şərhlər