Hacıyevin vəkilləri gəlmədi: hakimdən sərt reaksiya

14.02.2022 12:57     Sosreaksiya     137

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

 V.Hacıyevin vəkilləri məhkəmə prosesinə qatılmayıb.

V.Hacıyev müdafiəçiləri, xüsusilə də vəkil Elmar Kərimov olmadan məhkəmə iclasının keçirilməsinə etiraz edib.

Hakim Azər Paşayev müdafiə tərəfi olmadan məhkəmə iclasının keçirilməyəcəyini keçmiş icra başçısının diqqətinə çatdırıb. Lakin müdafiəçilərin məhkəmə iclasını qəsdən pozmağa çalışdıqlarını da bildirib:

 

"Üç vəkildən biri gəlmirsə, niyə müqavilə bağlayırlar? Belə çıxır ki, bilə-bilə məhkəməni ləngitmək istəyirlər. Müdafiəçilərlə bağlı tədbir görüləcək və dərhal Vəkillər Kollegiyasının sədrinə müraciət ediləcək", - hakim deyib.

Məhkəmə fevralın 18-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Reaksiya.az

Şərhlər