Ramiz Mehdiyev YAP-dan xaric edilə bilər - Həmzəyev

14.02.2022 14:17     Sosreaksiya     495

"Son günlər Azərbaycan Milli Elmlər Akademiyasında baş verən proseslər və ölkəmizin alimlərinin, ziyalılarının adıçəkilən elm ocağında gerçəkləşən qanunsuz və lazımsız fəaliyyəti kəskin tənqid etmələri, nəticə etibarilə AMEA-nın prezidenti Ramiz Mehdiyevin də bütün bunlara qurumun mətbuat xidməti vasitəsilə cavab verməsi ilə daha da gərginləşdi. R.Mehdiyevi istefaya çağıran elm xadimləri, alimlər və akademiyanın rəsmi şəxsləri sadəcə olaraq öz haqlarını tələb edirlər. Ancaq təəssüflər olsun ki, AMEA-nın mətbuat xidməti vasitəsilə verilən cavabda bu tənqidlərə deyil, ümumilikdə proseslərə siyasi yanaşıldı". 

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, həmin açıqlamalarda Azərbaycanda siyasi gərginlik fonunda təxribata meyillər öz əksini tapmaqdadır: "Təəssüf ki, həmin açıqlamalarda AMEA-da baş verən proseslər yox, ümumiyyətlə, son dövrdə Azərbaycanın ictimai-siyasi həyatında yaşanan hadisələr qabardılıb, ona müxtəlif don geyindirilib. Faktiki olaraq, "müxalifət"in səsləndirdiyi fikirlərin müdafiəsi burada daha çox öz əksini tapmaqdadır. Bu, hamı kimi məni də çox narahat edir. Çünki Yeni Azərbaycan Partiyası hakim partiyadır. Uzun illərdir ki, bu partiya Azərbaycanda keçirilən seçkilərdə qalib gəlir. Son beşinci və altıncı çağırış parlamentin yaxından iştirakçısıyam. Keçirilmiş seçkilərdə də iştirak etmişəm. Faktiki olaraq orada yalnız parlamenti deyil, ümumilikdə son dövrlərdə Azərbaycanda baş verən ictimai-siyasi prosesləri hədəfə almaqla möhtərəm cənab Prezidentin uğurlu daxili və xarici siyasətinə kölgə salınması hiss olunur. Bu da istər-istəməz bizi narahat edir. Düşünürəm ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev alimlərin və elm xadimlərinin haqlı iradlarına və tənqidlərinə cavab verə bilmirsə, sakitcə öz vəzifəsindən istefa versə və yaxud baş verən bu proseslərə açıq-aydın izahat verə bilsə, çox yaxşı olardı. Əks təqdirdə, onun elmlə məşğul olmaq əvəzinə siyasi proseslərə münasibət bildirməsi heç də yaxşı hal deyil". 

Deputatın fikrincə, bu, faktiki olaraq dövlətçiliyə ağır zərbədir: "Bu da Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən qətiyyən müsbət qəbul edilmir. Həm iqtidar, həm də müxalifətdən olan deputatları müxtəlif adlarla çağırması qətiyyən qəbuledilən deyil. Bu da istər-istəməz bizi haqlı olaraq narahat edir. Düşünürəm ki, proseslərin bu məcrada davam edəcəyi təqdirdə AMEA prezidenti Ramiz Mehdiyev və onu müdafiə edən bir qrup şəxslərin hətta Yeni Azərbaycan Partiyasının sıralarından xaric olunması məsələsi də gündəmə gətirilə bilər. Ümumiyyətlə, bu cür müzakirələrin davam etdirilməsi qətiyyən yolverilməzdir. AMEA rəhbərliyindən bizim tələbimiz ondan ibarətdir ki, qətiyyən bu elm ocağı daxilində baş verən prosesləri ölkə masştabına, siyasi müstəviyə çıxarmaq qəbuledilən deyil. Verilən son açıqlama Azərbaycan Milli Elmlər Akademiyasının, eləcə də Ramiz Mehdiyevin fəaliyyətinə çox böyük zərbə olacaq". 

Reaksiya.az

Şərhlər