Muxtar Bəydili: Suriya türkmənləri olaraq bu soyqırımı unutmamışıq
26.02.2022 13:30 Sosreaksiya 750
Xocalı Soyqırımını təəssüflə xatırlayıram.
Bu Soyqırım Bəşəriyyət Tarixinə Qara Ləkədir..
Ermənilərin bəşər tarixindəki ən qanlı faciələrdən birini törətməsindən 30 il ötür.
Hər bir azərbaycanlı bu dəhşətli qətliamın dünyada tanıdılmasında fəal iştirak etməli, ermənilərin bu vəhşiliyi barədə beynəlxalq ictimaiyyətə müfəssəl məlumat verməlidir. Çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün huquqi və siyasi qiymətini alsın. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvəlləri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliam beynəlxalq hüquqa əsasən soyqırımdır.
20-ci əsrin sonlarına doğru dünyanın gözü önündə yaşanan və xarakter baxımından beynəlxalq cinayət sayılan bu soyqırım insanlığa vurulan qara ləkə kimi tarixin yaddaşına həkk olundu. Bu qətliamda ilkin məlumata görə 613 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Bu, Azərbaycan xalqına və bəşər övladına, insanlığa və bütün mənəvi prinsiplərə qarşı törədilmiş vəhşiliyin, cinayətin, bir sözlə, soyqırımının 30 illiyidir.
30 ildir "Xocalıya ədalət" istədik, 30 ildir Xocalıda törədilmiş dəhşətləri göstərdik. 30 ildir dünyaya car çəkdik ki, dinc əhali yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilib! Amma dünyanın misli görünməmiş bu vəhşətə reaksiyasını da gördük. Nəticədə yalnız insanlığa qarşı törədilmiş cinayətə şərik çıxan biganəliyin şahidi olduq. Azərbaycan indi də dünyanın laqeydliyi ilə üz-üzə dayanmışıq.
Erməni terrorçu ordusunun törətdiyi soyqırımına səssiz qalan dünya!
Beynəlxalq hüquqlar işləməyənə qədər, günahkarlar cəza çəkməyənə qədər bu vəhşiliklər bitməyəcək.
Nəhayət Azərbaycan haqlı davasında qalib, işğalçı Ermənistan isə məğlub oldu. Odur ki, Ermənistan bundan sonrakı mərhələdə 30 il ərzində Azərbaycan xalqına qarşı işlədiyi bütün cinayət əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Xüsusən də beynəlxalq cinayət kimi qəbul olunan 20-ci əsrin ən qanlı faciəsi Xocalı soyqırımını törədən tərəf olaraq cavab verməlidir. Çünki aradan 28 il keçməsinə baxmayaraq Xocalı qətliamını törədənlər hələ də qanun qarşısında cəzalandırılmayıblar.
Xocalı soyqırımı kimi faciələrin bir daha yaşanmaması ümidi ilə !
Allah şəhidlərimizə rəhmət eləsin.
Xocalıya ədalət tələb edirik! "
Biz Suriya türkləri olaraq Bəşəriyyətə qarşı törədilən bu Xocalı soyqırımı və cinayətini unutmamışıq və unutmayacağıq!".
Dr. Muxtar Fatih BƏYDİLİ
Suriya Türkmən Həkimlər Dərnəyi sədri
Şərhlər