Bakıda bu küçələr təmir edilir

17.03.2022 12:44     Sosreaksiya     329

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramına”na əsasən, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən küçələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Reaksiya.az-a verilən məlumata görə, hazırda Bakıxanov qəsəbəsində uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsi əsaslı şəkildə təmir edilir.

Təmir işləri çərçivəsində yeni piyada səkiləri inşa edilir, mövcudları isə bərpa olunur. Səkilərin kənarlarında olan 1200 p/metr uzunluğa malik köhnə səki daşları yeniləri ilə əvəzlənir.

Anoloji təmir işləri qəsəbənin 1500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsində də aparılır. Küçənin eni ortalama 12 metr təşkil edir.

Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələrdə növbəti mərhələlərdə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemlərinin bərpa olunaraq işlək vəziyyətə gətirilməsi, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulması işləri də yerinə yetiriləcək.

“İnşaat Norma və Qaydaları”na uyğuntəmir işlərinin sonuncu mərhələsində küçələr boyu avtonəqliyyat vasitələrinin hərəkətinin təşkili üçün üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

“İnvestisiya Proqramına”na əsasən təmir işlərinin ardıcıllıqla Bakıxanov qəsəbəsinin Şamil Kamilov (1800 m), Sülh (550 m), Ramiz Qəmbərov (400 m) və Əşrəf Yunusov (950 m) küçələrində də aparılması nəzərdə tutulur.

Qeyd edək ki, bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edilib.

Reaksiya.az

Şərhlər