Milli Hidrometeorologiya Xidməti: Kürdə suyun səviyyəsi xeyli artıb

25.03.2022 16:36     Sosreaksiya     309

Mart ayının ikinci ongünlüyü ərzində ölkə ərazisində yağıntıların normadan çox olması nəticəsində Kürdə, eyni zamanda da digər çaylarımızda sululuq artıb.

Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

\O bildirib ki, Kür çayında suyun həcmi martın əvvəli ilə müqayisədə xeyli çoxalıb: "Yevlax məntəqəsində 22, Zərdabda 82, Surrada 123, Şirvanda 108, Salyan məntəqəsində 118, Bankədə 37 santimetr artım qeydə alınıb. Eyni zamanda çayda suyun həcmi, məsələn, Surra məntəqəsində martın əvvəli 22 m3/san təşkil edirdisə, hazırda su sərfi 100-115 m3/san arasında dəyişir. Bu da əlbəttə yağan yağıntı ilə əlaqədar olub. Bundan başqa Kürün aşağı axarında aparılan monitorinqlərin nəticələri də göstərir ki, duzluluq azalıb və norma daxilindədir".

A.Verdiyev onu da bildirib ki, qarşıdan yaz-yay gursululuq dövrü gəlir və bu dövrdə ölkə ərazisinə yağan qar ehtiyatlarının tədricən əriməsi nəticəsində respublikanın əksər çaylarında, o cümlədən də Kürdə suyun daha da artacağı gözlənilir.

Reaksiya.az

Şərhlər