Qarabağ həqiqətləri – post münaqişə dövründən sonra yaranan reallıqlar

28.03.2022 16:47     Sosreaksiya     658

Qırx dörd günlük Vətən müharibəsində yaşından, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq,  Azərbaycan xalqı cəbhədə ordumuzun qələbəsinə öz töhfəsini vermək üçün sıx şəkildə  birləşdi.

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın Qarabağ həqiqətləri – post münaqişə dövründən sonra yaranan reallıqlar və çağırışlar!” adlı layihə çərçivəsində Qarabağ həqiqətləri, erməni irqçi faşist ideologiyasının ifşa edilməsi, habelə xalqımızın haqq mübarizəsinin geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə, ziyalılara çağırışlar edilmişdir.

Bu çağırışa qoşulan “AĞ partiya” başqanının müşaviri Azər Hüseynov ona ünvanladığımız suallarımızı cavablandıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

Dağlıq Qarabağ probleminin başlanması səbəblərini nəzərdən keçirdikdə sizcə hansı qənaətlərə gəlməliyik, bu məsələyə ancaq xronoloji baxımdanmı yanaşmalıyıq?

Ümumiyyətlə, hesab edirəm ki, biz Dağlıq Qarabağ probleminin başlamasının səbəblərini təhlil edərkən bir qədər ənənəvi yanaşmalardan əlavə bəzi məsələlərə yenidən baxmalıyıq. Nə üçün? Çünki biz bu problemin tarixinə ona görə nəzər salırıq ki, onun və ona bənzər halların qarşısı zamanında və düzgün metodlarla alınsın. Biz ilk öncə Dağlıq Qarabağ probleminin yaranmasının səbəblərini differensasiya etməliyik, təsnifatlar aparmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin başlanmasının siyasi, iqtisadi, sosial, humanitar, hərbi aspektlərini ayrılıqda analiz etməliyik, həmçinin bura demoqrafik problemləri də əlavə etməliyik. Həm də məsələlərə milli şüurun mərhələləri aspektindən də yanaşmalıyıq.

O zaman biz bu səbəblərdən ilk olaraq siyasi səbəblə başlaya bilərik, Dağlıq Qarabağ münaqişəsinin başlanmasının siyasi səbəbləri nə idi?

Dağlıq Qarabağ münaqişəsinin siyasi səbəbləri özlüyündə mərkəzlə və Azərbaycanla bağlı idi. Mərkəz Azərbaycanla, Ermənistana hər zaman fərq qoyubdur. Hər nə qədər SSRİ bir ateist dövlət olsa da, Rusiya İmperiyasının imperial maraqlarını əsas alıbdır. Azərbaycan və azərbaycanlılar mərkəz üçün problemli, potensial təhlükə hesab ediliblər. Ermənilər isə Cənubi Qafqazda mərkəzin maraqlarının müdafiəçisi sayılıblar. Onsuz da onların Cənubi Qafqazda heç bir zaman çoxluq olmadıqları yerlərdə saylarının artırılması 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı olubdur. Ermənilərin hər zaman mərkəzdə istər siyasi elitada, istərsə də hətta disident hərəkatında himayəçiləri olubdur. Maraqlısı odur ki, ermənilərin fəallaşması Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması ilə eyni vaxta təvafüq edir. Mərkəzdə təmsil edilən yeganə azərbaycanlı siyasətçinin uzaqlaşdırılması da problemin yaranmasının siyasi səbəblərindən idi. Digər tərəfdən münaqişə başlayan dövrdə Azərbaycanın yerli siyasi hakimiyyət orqanlarının qətiyyətli olmaması da işin içində rol oynamışdır. Bura həmçinin SSRİ-nin saxta inzibati siyasətini də əlavə edə bilərik. Azərbaycanın ürəyində qondarma bir DQVM-nin təsis edilməsi.

Bəs siz iqtisadi səbəbləri necə izah edərdiniz? İqtisadi səbəblər demək olar ki, diqqətə o qədər də gətirilməyibdir.

İqtisadi səbəblər o idi ki, qondarma DQVM-nin iqtisadi inkişafının bir çox göstəriciləri ümumrespublika göstəricilərindən yüksək idi. Ermənilərin sonradan məskunlaşdırıldığı bölgələrdə iqtisadi fəaliyyət üçün zəmin DQVM-ni əhatə edən rayonlardakından əlverişli idi. Ermənilər Azərbaycanın pulu-parası ilə güclənirdilər. Gizli separat təşkilatları üçün maliyyə toplamaları edirdilər. Eyni zamanda SSRİ-nin bir çox bölgələrindən, həm də diasporadan pul yığıb buna hazırlaşırdılar. Ermənistanda bunun üçün ciddi hazırlıqlar gedirdi. Artıq tam olaraq bunun iqtisadi əsaslarını formalaşdırdıqdan sonra DQVM kimi qondarma qurum Azərbaycandan ayrılmaq arzusunu, Ermənistan isə onu özünə birləşdirmək iddiasını ortaya qoydu. Və məlumuz bu proseslər start verdi. Azərbaycanlılar Ermənistandan qovuldu və Dağlıq Qarabağda ermənilər artıq silahlı fəaliyyətə başladı, bunun da nəticəsi olaraq 1991-1993-cü illər arasında Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Şükürlər olsun ki, Allahın izni ilə ordumuz 44 günlük Vətən Savaşında Ermənistan ordusunu darmadağın etdi.

Bəs sosial, humanitar və milli şüur məsələlərinin bura necə təsiri oldu?

Bilirsinizmi xalqımızın həddən ziyadə humanist mahiyyəti, eyni zamanda kinsiz olması ermənilər üçün sanki bir üstünlük oldu, o zaman. Ermənilər yazırdı, pozurdu, türkə qarşı kini ayaqda tuturdu. Bizim isə geniş xalq kütlələrinin 1918-ci il mart soyqırımlarından, Ermənistanın 1918-20-ci illər ərzində Qərbi Azərbaycandakı cinayətlərindən demək olar ki, xəbəri yox idi. Elmdə də bir iki nəfəri istisna etməklə ermənilərin iddialarına cavab vermək fikrində olanlar az idi. Mərhum Ziya Bünyadovun əsərlərini oxuyanda bu baxımından fəxr edirsən. Alim kimi demək olar ki, hər zaman erməni saxtakarlıqlarına qarşı mövqe qoymuşdur. Digərlərinin bir çoxu isə 1918-20-ci illər milli höküməti düşmən elan etməklə məşğul idi. Humanitar sahədə bəzi disidentləri istisna etməklə hamı demək olar ki, erməni hazırlıqlarına qarşı hazırlıqsız rastladı. Demoqrafik baxımından isə maraqlısı odur ki, ermənilərin sayı inzibati vasitələrlə artırılırdı, bəzi məlumatlara görə hətta azərbaycanlıların Dağlıq Qarabağda qeydiyyata alınması SSRİ-nin son zamanlarında çətin idi.

Bəs gələckdə bütün bunların təkrar edilməməsi üçün sizcə biz nə etməliyik?

Biz qətiyyən tarixi unutmamalıyıq. Milli dövlət quruculuğunu dərinləşdirməliyik. Siyasi ideoloji işi ayaqda tutmalıyıq. Milli müdafiə sənayemizi gücləndirməliyik. Qarabağda demoqrafik olaraq üstünlüyümüzü təmin etməliyik və qardaş Türkiyə ilə bir addımlayıb böyük ideallarımıza doğru getməliyik ki, bədxahlar o ideallarımızın gücü qarşısında yerlərini bilsinlər.

Reaksiya.az

Şərhlər