“Qarabağda şəhər və kəndlərdə yaşayan erməni əhalisi əsgərlərimizi duz-çörəklə qarşılayır” - Tarixçidən şok açıqlamalar
28.03.2022 16:56 Sosreaksiya 798
“Qarabağda şəhər və kəndlərdə yaşayan erməni əhalisi əsgərlərimizi duz-çörəklə qarşılayır”
“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın Qarabağ həqiqətləri - post münaqişə dövründən sonra yaranan reallıqlar və çağırışlar!” adlı layihə çərçivəsində Qarabağ həqiqətləri, erməni irqçi faşist ideologiyasının ifşa edilməsi, habelə xalqımızın haqq mübarizəsinin geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə ilə işlərini davam etdirir.
Layihə çərçıvəsində budəfəki həmsöhbətimiz tarix üzrə fəlsəfə doktor, dosent Elnur Kəlbizadədir.
Elnur müəllim, ermənilərin Qafqazla, indiki Ermənistan əraziləri ilə, o cümlədən hazırda bir qrup erməni ünsürünün məskun olduğu Qarabağla bağlılığı hansı dərəcədədir?
- Azərbaycanın Qarabağ bölgəsinin etno-demoqrafik tərkibində baş verən dəyişikliklərin dərk edilməsi, ermənilərin bu bölgəyə yerləşməsinin səbəblərinin aydınlaşdırılması üçün tarixin ən qədim dövrlərinə qısaca nəzər salmaq zəruridir. Tarixi qaynaqlar üzərindən aparılmış araşdırmalar nəticəsində artıq çoxdan sübut edilib ki, nə “erməni” nə də “arsax” adlanan anlayışların özlərini “hay”, yaşadıqları məkanı isə “Hayastan” adlandıran indiki Ermənistan sakinləri ilə heç bir əlaqəsi yoxdur. Təkcə onu qeyd etmək lazımdır ki, hayların ulu əcdadları hesab edilən friqlərin Van gölü ətrafında “Armenia” adlandırılan bölgəyə gəlməsinə qədər bu ad bölgədə mövcud olmuşdu. Bu baxımdan indiyə qədər özlərini haylar adlandıran xalqın ətrafdakılar tərəfindən erməni şəklində adlandırılması etnik kimliyə deyil, daha çox ərazi kimliyinə əsaslanmışdır. Eləcə də indi hayların Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsini ifadə etmək üçün istifadə etdikləri “Arsak” və ya “Er-sak” adının da ermənilərlə bağlılığı yoxdur, söz yalnız türk dillərində izah edilir.
Bütün qaynaqlar, statistik sənədlər birmənalı şəkildə təsdiq edir ki, Cənubi Qafqazda, o cümlədən tarixi türk yurdu olan Qarabağda XIX əsrə qədər ermənilər kütləvi şəkildə yaşamamışlar.
Ermənilərin Qarabağa kütləvi köçürülməsi ilə çar Rusiyasının bölgədəki məqsədləri arasında hansı bağlılıq vardır?
1804-1813, 1826-1828-ci illərdə çar Rusiyası və Qacarlar dövləti arasında baş verən iki müharibə, eləcə də 1828-1829-cu illərdə isə çar Rusiyası ilə Osmanlı dövləti arasında müharibə ermənilərin Qafqaza kütləvi köçürüləməsinin yolunu açmışdır. Xüsusən çar Rusiyası əzəli rəqibi olan Osmanlı dövlətinin Qafqaz və Mərkəzi Asiya türkləri ilə əlaqəsini kəsmək, yerli azərbaycanlı əhalisinin Osmanlı dövləti ilə əlaqələrini məhdudlaşdırmaq, özünə dayaq ola biləcək xristian bölgəsi yaratmaq üçün Qacarlar dövlətinin daxili vilayətlərindən və Osmanlı dövlətinin ərazisindən köçürülən erməniləri əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirməyə çalışırdı. Qarabağa köçürülən ermənilər əsasən Qacarlar dövlətinin ərazisindən – indiki İranın daxili vilayətlərindən gətirilən ermənilər idi. Artıq 1828-ci ilin may ayının sonlarına qədər Qarabağa 279 erməni ailəsi köçürülmüşdü. Təkcə iki il ərzində - 1828-1829-cu illərdə Qarabağda ermənilərin sayı 18 min nəfərə çatmışdı. Qeyd etmək lazımdır ki, mənbələrdə “erməni” adı ilə qeyd olunanların bir qismi alban-xristianları idilər. Sadəcə olaraq çarizm bölgədə erməni əhalisinin çoxluğu görüntüsünü yaratmaq üçü albanların da erməniləşdirilməsi siyasətinə dəstək verir, çar məmurları siyahyaalmalarında onların kilsə mənsubiyyətini əsas götürməklə qriqorian-erməni kimi qeyd edirdilər. XIX əsr boyunca davam edən ermənilərin köçürülməsi və yerləşdirilməsi siyasəti, paralel olaraq müsəlman – azərbaycanlı əhaliyə qarşı təzyiqlər Qarabağda müsəlmanların – azərbaycanlıların sayının azalmasına müəyyən təsirlər göstərmişdi.
Cümhuriyyət zamanı Qarabağ ermənilərinin seçimi hara idi?
1917-1918-ci ilin payızına qədər erməni quldur dəstələri və daşnak Ermənistanının dəstəklədiyi qüvvələr regionda hökm sürən qeyri-sabitlik və xaosdan istifadə edərək Qarabağda və Zəngəzurda dinc əhaliyə - Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar həyata keçirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin güclənməsi və ölkənin böyük bir hissəsində öz suverenliyini faktiki həyata keçirməsi ilə yanaşı, 1918-ci ilin payızında qısa müddətə də olsa, Qarabağa sabitlik gəldi. Azərbaycan hökuməti regionda baş verən qırğınları böyük ölçüdə dayandırmağa müvəffəq oldu. “Azərbaycan” qəzeti o zaman yazırdı ki, “deyilənə görə, Qarabağda bir ovuc daşnakların oyunu pozulub, iğtişaşlar tamamilə aradan qaldırılıb. Sonda məlum oldu ki, Qarabağ hadisələrində erməni kütləsi iştirak etmir. Şəhər və kəndlərdə yaşayan erməni əhalisi əsgərlərimizi duz-çörəklə qarşılayır, Azərbaycan vətəndaşlığını qəbul edir və dövlətin bütün əmrlərinə tabe olmağa hazırdır. Bir sözlə, həyat normala qayıdır..”.
Bu dövrdə bolşeviklər arasında olan ermənilər də öz müxtəlif hesabat və məktublarında Qarabağın Azərbaycan torpağı olduğunu və hər cəhətdən Azərbaycandan asılı olduğunu yazırdılar. Məsələn, 1919-cu il mayın 22-də Rusiya Kommunist Partiyası Qafqaz Komitəsinin üzvü Anastas Mikoyan Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinə və Vladimir İliç Leninə yazdığı məktubda bunu vurğulamışdı ki, daşnaklar Qarabağın Ermənistana birləşdirilməsini istəyirlər, lakin qarabağlılar üçün bu, Bakıdakı həyat mənbəyini itirmək və heç vaxt İrəvanla bağlı olmayan bölgəni zorla birləşdirmək deməkdir.
Doğrudur, 1919-cu ilin sonu - 1920-ci illərin əvvəllərində Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında və xanlıqlar dövründə Qarabağ xanlığının tərkibində olan Zəngəzurda erməni quldur dəstələri türk-müsəlman əhaliyə qarşı qırğınlar törətmişlər. Vaxtilə Ermənistan SSR arxivlərində saxlanılan bəzi sənədlərin təhlili də onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağda qanuni hakimiyyətinin bərpasına müqavimət göstərə bilməyən daşnaklar kütləvi qırğınlar törətməyə davam edirdilər. Paralel olaraq Azərbaycan hakimiyyətini təhdid edirdilər. Müttəfiq dövlətlərin Şuşadakı nümayəndəsinə və Azərbaycan hökumətinin bölgədəki nümayəndəsi Xosrov bəyə Zəngəzurdakı Erməni Milli Şurası yazırdı ki, Zəngəzurda müsəlmanların varlığı və yoxluğu təhlükə altına düşəcək.
Elnur müəllim 2020-ci ildə Azərbaycanın zəfəri ilə nəticələnən müharibədən sonra bölgəyə yerləşən rus sülhməramlıları və bir çox xarici mərkəzlər “erməni qaçqınların geri qaytarılması” adı altında məkrli planları gerçəkləşdirməyə çalışdılar. Buna münasibətinizi bilmək istərdik.
2020-ci ilin sentyabr-noyabr aylarında baş verən və Azərbaycanın işğal altında olan əraziləri azad etməsi ilə nəticələnən II Qarabağ müharibəsi Ermənistan dövlətinin işğal altında saxlanılmış rayonlarda qanunsuz məskunlaşma aparması ilə bağlı bir çox faktları üzə çıxarmışdı. Məsələn bir mənbədə qeyd olunur ki, işğal dövründə Zəngilan rayonu ərazisinə 60 suriyalı erməni (19 ailə) qanunsuz olaraq köçürülmüşdür.
Müharibədən sonrakı dövrdə qaçqınların bölgəyə qaytarılması adı altında hələlik Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəyə də Ermənistandan qanunsuz köçlərin təşkilinə cəhdlər göstərilmişdir. Paralel olaraq ermənilər, o cümlədən Rusiya sülhməramlıları nəzarətləri altında olan əraziyə qayıdan ermənilərlə bağlı şişirdilmiş statistik rəqəmlər açıqlamağa başlamışdılar. Bunda məqsəd guya burada erməni əhalinin kütləviliyi ilə bağlı faktiki vəziyyət yaratmaq və gələcəyə hesablanmış bir çox çirkli məqsədlərdir. Biz görürük ki, Azərbaycan dövləti bu prosesləri nəzarət altında saxlayır, hətta dövlət başçısının çıxışlarında belə cəhdləri ifşa edən çoxsaylı faktlar səslənib. Son günlər baş verən proseslər isə göstərir ki Azərbaycan xalqı və dövləti ermənilərin yaşadığı Azərbaycan ərazilərinin müvəqqəti olaraq hansı məramlı qüvvənin nəzarətində olmasından asılı olmayaraq qanunsuzluqlarla barışmır və barışmayacaqdır.
Şərhlər