Vilyam Hacıyevin məhkəməsi: "Məktəb tikintisi üçün ayrılan 950 min manatın 183 minini verdim"
04.04.2022 13:38 Sosreaksiya 352
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda ifadə verən İmişli rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Feyzi Məmmədov bildirib ki, işlədiyi müddətdə maliyyə şöbəsinin müdiri Rəhim Rəhimova 10 min 800 manat rüşvət verib.
"Mənə deyirdi ki, başçı istəyir, onun tapşırığıdır. Mən özüm işıqlandırmada işləyirdim. 2014-cü ilin yanvar ayında İşıqlandırma idarəsi yaranıb. Əvvəl mən mühasib, sonra rəis oldum. Hər dəfə çağırırdı ki, başçı deyir tədbirə görə pul ver. Ayrı-ayrı vaxtlarda müəyyən məbləğdə pul istəyirdi, deyirdi rəhbərin tapşırığıdır".
Təqsirləndirilən şəxs şahidin sözlərini təkzib edərək ondan pul tələb etmədiyini deyib.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişli rayon şöbəsinin rəisi Asif Bədirov isə deyib ki, kanal qazılmaq üçün İcra Hakimiyyətinə pul ayrılıb. Lakin Vilyam Hacıyev həmin pulun yarısını öz şəxsi maraqları üçün ayrılmasını tələb edib: "Eşitdim ki, kanal qazılmaq üçün pul ayırıblar. Müraciət etdim ki, bu işi mən götürüm. Atam girdi danışdı, çıxdı ki, başçı 300 min pulun 70 min manatını istəyir. Mən də razılaşdım. 300 min manat ayrıldı, həmin pulun 70 min manatını qaytardım. Əvvəl demişdi ki, pulun 50 faizini başçıya qaytarmaq lazımdı. Sonra razılaşdıq 70 min manatını qaytardım. Pulu Vilyam Hacıyevə mən yox, atam verib".
İmişli rayon İdman Kompleksinin direktoru Akif Quliyev isə təyinat üçün təqsirləndirilən şəxsə rüşvət verdiyini bildirib: "Açılışdan 1 gün qabaq Vilyam Hacıyevin qəbulunda oldum. Məni İdman Nazirliyinə yönləndirdilər. Getdim məni sual-cavab elədilər. Rayona qayıdandan sonra baş mühasib Cəmil Musayevə 10 000 manat pul verdim ki, icra başçısına çatdırsın".
İmişli rayonunda "Göyüşlü" MMC-nin rəhbəri olan Asif Cavadov isə bildirib ki, rayonun Xoşçobanlı kəndində məktəb tikintisi ilə bağlı tenderin qalibi olub: "Mən tenderlər bağlı Vilyam Hacıyevə müraciət etdim ki, tenderdə mənim şirkətin qalib olsun. Vilyam Hacıyev məni öz köməkçisi Füzuli adlı şəxsin yanına göndərdi və bildirdi ki, bununla bağlı Füzuli nə desə, onu edərsən. Tender keçirildi, mənim şirkətim qalib oldu. Məktəb tikintisi üçün 950 min manat ayrıldı. Həmin pulun 183 min manatını Füzuliyə verdim. Füzuli də paket əlində Vilyam Hacıyevin otağına keçdi, pulu verib qayıtdı. Ondan sonra qalan vəsaitlə məktəbi tikib təhvil verdim".
Proses aprelin 11-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Şərhlər