Nərminin qətli: “Qardaşım bizi şöbəyə apardı, dedi, general gəlib...” - Yeni detallar

14.04.2022 13:35     Sosreaksiya     454

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində kənd sakini Qaratel Orucova ifadə verib.

Qaratel Orucova bildirib ki, yanmış meyiti yaxından görüb: “Meyitə baxamda kimliyini müəyyənləşdirmək çətin olardı. Meyitin ölçüsü də böyük idi. Uşağa oxşamırdı”.

Şahid deyib ki, evdə həyat yoldaşı ona meyitin Nərminə məxsus olduğunu, kənd camaatının belə danışdığını deyib.

Qaratel Orucovanın sözlərnə görə, Nərminin anası Aynurə İsmayılova uşaq itkin düşən gün onu evdən atasının məcbur göndərildiyini deyib: “Onda Aynurəni yolda görmüşdüm. Danışırdı ki, Nərmin getmək istəmirdi, atası məcbur göndərdi, dedi ki, apar bu kurtkanı əminə ver, o biri əmingildən də mənim kurtkamı gətir, səni axşam toya aparacam. Aynurə İsmayılovanın anası, yəni uşağın nənəsi Minayə də kəndin içində qışqırıb deyirdi ki, uşaq ata nənəsi Leybəgilə gedib, oradan yoxa çıxıb”.

Daha sonra İlkin Süleymanovun bacıları İlhamə Süleymanova və Kəmalə Məmmədova ifadə veriblər. Məhkəmədə məlum olub ki, onların hər ikisi müəllimdir.

Kəmalə Məmmədovanın sözlərinə görə, onun evində axtarış aparılıb, axtarış zamanı orada olan qırmızı yorğan üzlərinə görə istintaqa cəlb olunub: “Evimdə üç dənə qırmızı yorğan üzü və iki dənə qırmızı yorğan ortası olub. Yorğan üzlərini anam 1999-cu ildə tikili vəziyyətdə mağazadan almışdı mənim üçün. O biri iki dənə qayınanamdan qalıb. Guya uşağın başına bağlanmış parça olub, onunla mənim evimdəki yorğan üzləri eyni parçadanmış. Soruşdular ki, ola bilərmi o parçalardan anamgildə qalsın? Dedim, mümkün deyil. Çünki mağazadan hazır alınmış üzlərdir”.

İlhamə Süleymanova isə qeyd edib ki, yanvarın 10-da İlkini dindirmə üçün evə gətirəndə valideynlərini, onu və bacısını, qardaşını, əmisini zorla evdən çıxarıblar: “Dedi, müəllim, ata-anan getsin, yaşlı insanlardır, İlkini gətirəcəyik, o vəziyyətdə görməsinlər. Atam çıxmaq istəmədi. Onda rəis dedi ki, məcburi çıxaracağıq. Yaxşısı budur, siz aparın. Mən də ata-anamı apardım. Sonra oğlumu və bacımı da çıxardılar. Bacıma dedilər ki, əmin və qardaşın buradadır.

Birdən qardaşıma zəng elədim ki, görüm nə xəbər var. Bəhruz qardaşım bizi şöbəyə apardı, dedi ki, təcili prokurorluqdan general gəlib, sizi dindirməlidilər. Başa düşdük ki, oyun qurublar. Tez evə qaçdım, evi az qala 500 metrdən mühasirəyə almışdılar. Bizi evimizə buraxmadılar. Sonradan bildik ki, İlkinə deyiblər, ailən səndən imtina edib, sənə görə evdən gediblər”.

İlhamə Süleymanovanın sözlərinə görə, Nərminin 47 gün saxlandığı iddia olunan otaqda qalması mümkün deyil.

İlhamə Süleymanova qeyd edib ki, Nərminin atası Şərif Quliyev spirtli içki aludəçisi olub: “İçkiyə görə ailə üzvlərini də incidirdi. Bacım Kəmaləgilin balaca mağazası var. Aynurə bacıma demişdi ki, sən Allah, o kor olmuş nisyə nə istəsə - siqaret, içki verin, pulunu sonra mən ödəyəcəm. Yoxsa evdə uşaqları incidir”.

Proses bu gün günün ikinci yarısında davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.(teleqraf)

Reaksiya.az

Şərhlər