28 Mayda neçə məhkum əfv olunacaq? - AÇIQLAMA
28.04.2022 12:46 Sosreaksiya 473
“Aprelin 26-də keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox müraciətə baxıb”.
Reaksiya.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında komissiyanın üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib:
“Növbəti günlərdə Əfv Məsələləri Komissiyası öz fəaliyyətini davam etdirəcək. 28 May Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalana bilər. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil. Ümumilikdə deyə bilərəm ki, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb”.
“Daxil olan hər bir müraciətlə bağlı ən az 3 ay araşdırma aparılır, sənədlər toplanır. İndiyə qədər yüzlərlə müraciət daxil olub. Növbəti iclaslarda nə qədər məhkumun əfv edilə biləcəyi haqqında daha dolğun fikir söyləmək olar”, - komissiyanın üzvü bildirib.
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Şərhlər