Vilyam Hacıyev ifadə vermək üçün vaxt istəyib
23.05.2022 13:09 Sosreaksiya 366
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub. Vilyam Hacıyev ifadə verməyə hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib.
O, həmçinin iş üzrə zərərçəkmiş qurumların nümayəndələrinin məhkəmədə iştirak etmələrini istəyib.
Vilyam Hacıyevin vəkili Elmar Kərimov da müvəkkilinin dedikləri ilə razı olduğunu bildirib. Müdafiəçi, həmçinin polis tərəfindən məcburi gətirilmə qərarının nəyə görə icra olunmaması ilə bağlı qərarla da tanış olmaq istədiyini deyib.
Məhkəmə sabiq icra başçısına mayın 27-ə kimi vaxt verib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Şərhlər