“Azərbaycan və Türkiyə ilə barışmalıyıq, əks halda...” – Erməni politoloq
24.05.2022 13:45 Sosreaksiya 443
“Əgər Azərbaycanla münasibətləri normallaşdırmaq istəmiriksə, alternativ müharibədir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hayk Sukiasyan Brüsseldə keçirilən Azərbaycan, Ermənistan və Avropa Birliyi liderlərinin görüşünü şərh edərkən deyib.
Ekspert Brüssel formatında məsələlərin tezliklə həll olunacağına ümid etmədiyini bildirsə də, bunun Rusiyanın vasitəçiliyi ilə aparılan prosesdən daha səmərəli ola biləcəyini söyləyib.
Brüsseldə əldə edilmiş anlaşmaya uyğun olaraq yaxın günlərdə Azərbaycan-Ermənistan sərhəd komissiyalarının ilk birgə iclasının keçiriləcəyinə toxunan Sukiasyan vurğulayıb ki, bu prosesin tez və sülh yolu ilə həyata keçirilməsi Ermənistanın maraqlarına uyğundur:
“Ancaq deyim ki, bu, uzun bir proses olduğundan çox çətin olacaq. Əgər bu proseslər Brüsseldə baş tutacaqsa, o zaman müsbət nəticə gözləmək olar. Əgər Rusiya prosesə müdaxilə edəcəksə, əmin olmalıyıq ki, proses uzun sürməyəcək, dayanacaq. Bu və ya digər şəkildə delimitasiya prosesinin başa çatması onun marağında deyil”.
Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına gəldikdə, politoloq İrəvanın buna hazır olduğunu deyib.
“Ermənistan və Azərbaycan xalqları açılacaq yollarda bir-biri ilə ünsiyyətə hazırdırmı” sualına Sukiasyan cavab verib ki, dövlətlər hazırdırsa, xalqlar da hazır olmalıdır.
Sukiasyan Azərbaycanla yanaşı, Türkiyə ilə də sərhədlərin açılmasının Ermənistanın xeyrinə olacağını qeyd edib:
“Ermənistanda Türkiyə əleyhinə şüarlar səsləndirənlər var, belə şüarlar reallığa uyğun gəlmir. Türkiyə ilə problem yaratmaq lazım deyil, ermənilər Türkiyədə dincəlirlər. İndi hər şey mümkündür. Münaqişəni transformasiya etmək lazım deyil. Gəlin münaqişədən yox, iqtisadi inkişafdan danışaq”.
Sukiasyan hesab edir ki, Ermənistan və Azərbaycan xalqları hələlik əlaqə qurmağa hazır olmasalar da, gec-tez barışıq əldə edilməlidir:
“Bəli, xalqlar arasında psixoloji uçurum var, amma bir misal çəkmək istəyirəm. Almaniya və SSRİ arasında münasibətlər İkinci Dünya Müharibəsi illərində gərginləşdi. Stalinin qərarı ilə sovet ordusu alman qadınlarını kütləvi şəkildə zorladı. İndi Almaniya ilə Rusiyanın münasibətləri var, ya yoxdur? Əgər indi vəziyyət dəyişibsə, bizim münasibətləri də normallaşdırmaq lazımdır, buna getməliyik, bu, normal prosesdir. Əgər münasibətləri normallaşdırmaq istəmiriksə, onda çıxış yolu müharibədir. Biz buna hazırıqmı?”.
Şərhlər