AZƏRBAYCANDA REFERENDUMA HAZIRLIQ GEDİR? - Deputatlar xəbərsizdir, amma...
25.05.2022 12:51 Sosreaksiya 564
Azərbaycanda yaxın aylarda referendum keçirilə bilər. Siyasi kuluarlarda yayılan xəbərlərə görə, Milli Məclisin iyunda növbədənkənar sessiyasının keçiriləcəyi, orada bu barədə qərar veriləcəyi gözlənilir.
Milli Məclisin Mətbuat xidmətindən "AzPolitika.info"-ya bildirilib ki, növbədənkənar sessiya ilə bağlı qərar ancaq yaz sessiyası bitdikdən sonra verilə bilər. Hələlik, bu məsələ gündəmdə deyil.
Amma bəzi media orqanları deputatların imza topladığını və belə bir çağırışla Milli Məclis rəhbərliyinə müraciət edəcəklərini yazıblar.
Bəzi məntəqə-seçki komissiyalarının keçmiş üzvləri də referenduma gizli hazırlıqla bağlı məlumatları BBC radiosuna təsdiqləyiblər. Bakı, Gəncə, Şamaxı və Mingəçevir şəhərlərində olan həmin mənbələrin bildirdiyinə görə, yerli icra orqanları onları yenidən çağıraraq, referendumda məntəqə sədri və ya sədr köməkçiləri olmaq üçün adlarına bank kartı açdırmağı tapşırıb. Buna əsas səbəb isə seçki öncəsi üç aylıq hazırlıq mərhələsində onlara rəsmi qaydada aylıq məvacibin ödənilməsidir.
BBC-nin əməkdaşları adına bank hesabı açılan bəzi üzvlərin yeni bank kartlarını görüb. Əvvəlki seçkilərdə bir neçə dəfə məntəqə sədrinin köməkçisi olan və hazırda proseslərə cəlb edildiyini deyən Bakı sakininin bildirdiyinə görə, hətta bəzi məntəqələr üzrə seçici siyahıları belə hazırlanaraq, artıq yerli icra orqanlarına təhvil verilib.
Mərkəzi Seçki Komissiyasından səslənən iddialarla bağlı mövqe almaq mümkün olmayıb.
“Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu da radioya müsahibəsində özünün hökumətdə təmsil olunan mənbələrinə istinadən növbəti aylarda referendum seçkilərinin keçiriləcəyini bildirib. O, hətta konstitusiyaya dəyişiklik layihəsinin hökumətin yuxarı təbəqəsinin ilkin müzakirələrindən keçdiyini bildirib.
“Bildiyim qədəri ilə parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılacaq. Beləliklə deputatların sayının qanun layihəsində 175 nəfərə çatdırılması nəzərdə tutulub” –deyə, Rauf Arifoğlu qeyd edib.
Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də seçki və siyasi partiyalarla bağlı bəzi boşluqların olması hökuməti konstitusiyada dəyişiklik aparmağa məcbur edir.
Media qrupunun təsisçisi deyir ki, erməni əsilli əhalini Azərbaycan vətəndaşlığına almaq, Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren haqlarını bərpa eləmək Bakı üçün mühüm məsələdir.
O, bildirib ki, hazırda Azərbaycan buna dövlət olaraq hazırlaşır və bu istiqamətdə Ermənistan tərəfinin də iştirakı ilə Brüssellə danışıqlar aparır.
Referendum seçkisinin keçirilməsi iddialarından xəbərdar olduğunu deyən siyasi təhlilçi Azər Qasımlı bildirib ki, hökumətin nəzərdə tutduğu dəyişiklik Qarabağla bağlı deyil, siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb. Bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir.
Millət vəkili Fazil Mustafa da konstitusiyaya dəyişiklik edilməsinin zəruri olduğu fikrindədir. Onun sözlərinə görə, bəzi vaxtlarda ölkə Konstitusiyasına tələm-tələsik müddəalar salındığı üçün bəzi boşluqlar var. Buna nümunə olaraq, o, bələdiyyələrin Milli Məclisdə hesabat verməməsi, eləcə də fərqli qurumların bir-birinə hesabat təqdim etməmələrini göstərir.
Fazil Mustafa referenduma hazırlıqla bağlı onda heç bir məlumatın olmadığını deyib. O, indiki məqamda bu iddiaların inandırıcı olmadığını bildirib. Əlavə edib ki, referendumun keçirilməsinə yalnız Ermənistanla yekun sülh sazişinin imzalanmasından sonra ehtiyac yarana bilər.
“Qarabağ münaqişəsinə görə, bir sıra məsələlərdə konstitusiyada insan hüquq və azadlıqları ilə bağlı müddəalarda bəzi məhdudlaşdırmalara gedilirdi. Hərbi vəziyyət vaxtı insan azadlıqlarının xeyli məhdudlaşdırılması nəzərdə tutulurdu. Sülh müqaviləsi bağlanandan və müharibə riski azalandan sonra bu kimi müddəalarda müəyyən yumşalmalara gedilə bilər və ya azsaylı xalqlarla bağlı müddəalar genişləndirilə bilər”- deyə, Fazil Musatafa radioya bildirib.
REAL partiyasının sədri İlqar Məmmədov da referendum seçkiləri ilə bağlı məlumatsız olduğunu bildirib.
“Hazırda biz parlamentdə boş qalan 7 yer üçün seçkilərin keçirilməsini istəyirik və bu yerlər uğrunda imza kampaniyası aparırıq. Lakin qeyd etdiyiniz məqamlar barədə heç bir ciddi məlumatım olmadığı üçün fikir bildirmək istəmirəm”- deyə, REAL sədri əlavə edib.
Hakim partiyanın parlamentdə təmsil olunan üzvləri Səməd Seyidov və Aydın Mirzəzadə də referendumla bağlı məlumatsız olduqlarını deyiblər.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin fikrincə, hazırki sistem Azərbaycanın tələblərini ödədiyi üçün hər hansı referenduma da ehtiyac qalmır.
“Onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayırdı və onlar konstitusiyada verilən bütün hüquq və azadlıqlardan istifadə edirdilər. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər həmin ərazilərdə yaşamaq istəyəcəklərsə, bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlara onlar da malik olacaqlar” – deyə, Aydın Mirzəzadə deyib.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycanda 26 sentyabr, 2016-cı ildə konstitusiyaya dəyişiklik etmək məqsədi ilə referendum keçirilib.
Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal 35 yaş yaş həddi aradan qaldırılıb. Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.
Reaksiya.az
Şərhlər