Vahid Əhmədov: “Azərbaycanda süni inflyasiyanın qarşısı alınmalıdır”

25.05.2022 13:01     Sosreaksiya     675

“İnflyasiya xarici səbəblərlə yanaşı, daxildən olan problemlərdən də qaynaqlanır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, xaricdən kifayət qədər məhsul ixrac etdiyimiz üçün o məhsulların qiymətinə baxmalıyıq: “İnflyasiya kifayət qədər yüksəkdir. Amma Azərbaycanda süni inflyasiya da yüksəkdir, bunun qarşısı alınmalıdır. Düzdür, bununla bağlı tədbirlər görülməsi nəzərdə tutulurdu. Amma düşünürəm ki, bu, kifayət etmir”.

Vahid Əhmədov hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə də ayrıca baxılmalıdır: “DSMF-nin büdcəsinin icrasını ayrıca müzakirə etməliyik”.

Deputat digər əsas problemin işsizlik olduğunu qeyd edib.

Millət vəkili büdcəyə daxilolmaların kifayət qədər yüksək olduğuna da diqqət çəkib: “Proqnozlaşdırma institutu Azərbaycanda necə fəaliyyət göstərir, mən bilmirəm. Proqnozdan əlavə vəsaitlər toplanır. Proqnozlaşdırma institutunun fəaliyyətinə baxmaq lazımdır. Çünki vəsait proqnozdan çox olanda bəzən problemlər yaranır. Büdcə Məcəlləsinin qəbul edilməsinə də ehtiyac var. Hesablama Palatasından xahiş edirəm ki, tenderlərlə, satınalmalarla bağlı məsələlərə yenidən baxılsın, bu məsələlər araşdırılsın”.

Vahid Əhmədov onu da qeyd edib ki, işğaldan azad olunan ərazilərdə 1 ildə görülən işlər bəlkə başqa ölkələrdə 5 ildə görülə bilməz.(apa)

Reaksiya.az

 

 

Şərhlər