MTN "başkəsənlər"inin məhkəməsində Ali Məhkəmənin sədri haqqında şok açıqlama..
02.06.2022 14:31 Sosreaksiya 414
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Ötən prosesdə zərərçəkən qismində Nizami Kazımov sərbəst ifadə verib. Deyib ki, 1992-ci ildə Naxçıvandan Bakıya köçərək sahibkarlıq fəaliyyətinə başlayıb. Rusiya və Ukraynadan tikinti materialları, ərzaq məhsulları gətirərək topdan satışı ilə məşğul olub. Quru meyvə yağlarının istehsalına başlayıb. “BİOİL” MMC-ni təsis edib:
– 2008-ci ildə, Qurban bayramı günü idi. Telefonuma tanımadığım şəxs zəng elədi. Özünü təqdim etmədən dedi ki, saat 3-də Milli Təhlükəsizlik Nazirliyinə gəl. Deyilən vaxt ora getdim. Nəzarət buraxılış məntəqəsində araşdırdılar, dedilər ki, nazirliyin İstintaq Baş İdarəsi tərəfindən çağırılmısız. Məni 6-cı mərtəbədə yerləşən istintaq idarəsinin 2-ci şöbəsinin müdiri Vüsal Ələkbərovun xidməti otağına apardılar. Otağa girən kimi Vüsal Ələkbərov olduqca aqressiv və kobud danışdı. Burada quzu balası kimi oturmağına baxmayın, MTN-də özünü küçə uşağı kimi aparırdı. Mənə deyirdi ki, 3 milyon verməlisən, yoxsa həbsə gedəcəksən. Mən də dedim ki, nə etmişəm ki, həbsə də gedim. Dedi ki, görəcəksən nə etmisən. Məndən ifadə aldı. Kürəkənim Samirin “Texnikabank”da adına əmanət qoyduğu 1 milyon 120 min dollar vəsait barədə soruşdu. Dedim ki, pulu kürəkənimin adına hesaba xərcləməsi üçün qoymuşam. Vüsal Ələkbərov qışqırıb bağırırdı ki, guya “Texnikabank” əməkdaşları ilə cinayət əlaqəsinə girmişəm, kürəkənimin adına qoyduğum pulu da mənimsəmişəm.
Elə oradaca qərar qəbul edib məni şübhəli şəxs kimi tutdu. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında 2 gün saxladılar. Məndən heç bir şikayətçi olmadığı halda, barəmdə ərizə, şikayət yox ikən, hər hansı şəxsi aldatmadığımı bilə-bilə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham elan etdilər. Səbayel Rayon Məhkəməsinə apardılar. Barəmdə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov təxminən 20 dəfə məni öz xidməti otağına gətizdirib. Deyirdi ki, 3 milyon dollar ver, barəndəki cinayət işini xitam edək. Hər dəfə Vüsala deyirdim ki, o qədər vəsaitə imkan yoxdur. İsrarla deyirdi ki, rəhbərliyin göstərişi belədir, pulu verməlisən. Məni 8 ildən 12 ilədək cəza kəsiləcəyi ilə hədələyirdi. Pulu Eldar Mahmudov istəyir, Mövlam Şıxəliyev isə tələb edirdi. Həbs ediləndən 15-20 gün sonra məni o zaman İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyev xidməti otağına çağırdı. Bax burada necə bir küncə qısılıb, orada şir-pələng idi. Vəkilimi də yanıma çox çətinliklə buraxırdılar. Mövlam otağında saymazyana şəkildə, əmr edirmiş kimi dedi ki, Vüsalın dediyi məbləği, yəni 3 milyon dolları verməlisən. Dedim ki, həmin məbləği ödəməyə imkanım yoxdur. Mövlam Şixəliyev də Vüsalın dediyini təkrarladı, dedi ki, pulu verməsən, səni 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Səni günə-gün həbsdə saxlayacağıq. Mövlam Şıxəliyevə qəti şəkildə dedim ki, mənim o qədər vəsaitim yoxdur. Bundan sonrakı görüşlərdə Vüsal Ələkbərov 2 milyon dollar tələb etməyə başladı. Dedim ki, həmin pulu da ödəyə bilməyəcəm.
Həmin günlərdə vəkilim Osman Kazımovla müqavilə bağladım. Onun hüquqi xidmətindən istifadə etmək istədim. Vüsal Ələkbərov biləndə ki, Osman Kazımov vəkilimdir, ondan imtina etməyim üçün təzyiq etməyə başladı. Buna etirazımı bildirdim və onun xidmətindən imtina etməyəcəyimi dedim. Bundan sonra Vüsal Ələkbərov məni Mövlam Şixəliyevin yanına apardı. Qoşalaşıb təkidlə məndən Osman Kazımovdan imtina etməyimi tələb etdilər. Bir müddət təzyiqlərə tab gətirib vəkildən imtina etmədim. Lakin sonradan sağlamlığım pozulmuşdu deyə məcburiyyət qarşısında Osman Kazımovla istintaq təcridxanasında görüşən zaman ona vəziyyəti izah etdim. Vəkil israrla deyirdi ki, bu cinayətkarlara tələb etdikləri pulu vermə, səni qanunsuz həbs ediblər. Məcbur olub azad edəcəklər. Sonradan Vüsal Ələkbərov məcburiyyət qarşısında məndən imtina ərizəsi aldı.
“Başa düşdüm ki, maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyülməni nəzərdə tutur”
Həbs edildikdən təxminən 45 gün sonra Mövlam Şıxəliyev məni növbəti dəfə öz xidməti kabinetində qəbul etdi. Yenə də pul söhbəti elədi, dedi ki, Vüsalın tələb etdiyi 2 milyon dolları verməlisən. O qədər pul verə bilməyəcəyimi dedim. Mövlam Şıxəliyev də dedi ki, başına torba geyindirib maskalıların yanına aparılacaqsan, 12 il həbsdə yatızdıracağıq. Başa düşdüm ki, maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyülməni nəzərdə tutur. Amma yenə də pulu ödəməyə razılaşmadım. Vüsal Ələkbərovun otağına gəldik. Orada Vüsal da qara maskalılar söhbətini elədi. Dedi ki, razılaşmasan, söhbəti səninlə onlar, yəni maskalılar edəcək.
Həmin günlərdə qardaşım Arzu Kazımov MTN-ə Mövlam Şixəliyevin yanına gedib. Söhbət əsnasında Mövlam Şıxəliyev qardaşıma deyib ki, Nizaminin taleyi Eldar Mahmudovluqdur. Qardaşım Eldar Mahmudovun da qəbuluna gedib. Eldar Mahmudov qardaşımın yanında Mövlam Şixəliyevlə telefonla danışandan sonra Arzuya deyib ki, qardaşının həbsdən çıxarılması üçün onun istədiyini verməlisiz.
Zərərçəkən deyib ki, 2008-ci ilin noyabr ayının sonlarında artıq səhhətində ciddi problemlər yaranıb:
– MTN-də şəkərli diabet xəstəliyinə tutuldum. Həbsdən azad ediləndən sonra ürəyimdən açıq əməliyyat olundum. Səhhətimdə yaranmış problemlərlə əlaqədar özümü yaxşı hiss etmirdim. Vüsal Ələkbərovun təhdidlərinə artıq dözə bilmədim. Məcbur olub Vüsal Ələkbərov və Mövlam Şixəliyevin tələb etdikləri 2 milyon dollar pulu verməyə razılaşdım.
Dedim ki, pulu dərhal ödəyə bilməyəcəm. Pulun bir hissəsini ödəyib azadlığa buraxılmağımı, qalan hissəsini isə müəyyən vaxt ərzində toplayıb verməyə şərait yaratmalarını istədim. Vüsal Ələkbərov Mövlam Şixəliyevlə danışdı, mənə də dedi ki, rəis razılıq verib, 1 milyon dolları gətir, barəndəki həbs qərarı ev dustaqlığı ilə əvəz ediləcək. Qalan 1 milyon dolları ödəmək üçün 4-5 ay vaxt verdilər. Vüsal Ələkbərov dedi ki, pulu ödəyəndən sonra barəndəki cinayət işinə xitam veriləcək. Vüsal Ələkbərovla razılaşdıqdan sonra qudama məktub yazdım, qohum-əqrəbadan 1 milyon dollar pulu yığıb mənə çatdırmağı xahiş etdim.
Zərərçəkənin sözlərindən bəlli olub ki, bundan sonra kürəkəni ona məxsus olan “Mercedes Benz S klass 500″, ”BMW 745″ və “Lexus 470″ markalı avtomobilləri bazar qiymətindən çox aşağı qiymətə satıb:
– Həmin maşınların alışına 600 min dollara yaxın vəsait xərcləmişdim. Maşınlar faktiki olaraq yarı qiymətdən aşağı satıldı. Maşınların satışından 250 min dollar pul toplanmışdı. 325 min dollar pulu qardaşım Niyazi Kazımov vermişdi. Qalan pulu da qudam Tahir düzəldib vermişdi. Ümumilikdə 1 milyon dollar pul toplamışdılar.
“Burada sakit oturmağına baxmayın, MTN-də oturuşu, yerişi göyə-yerə sığmırdı”
Zərərçəkən deyib ki, 3 dekabr 2008-ci ildə kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürüb Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının yanına gəliblər:
– Vüsal Ələkbərova pulu Samir verib. Vüsal pulu alandan sonra məni yanına çağırdı, dedi ki, Samirdən 1 milyon dolları pulu alıb, məni də məhkəmədən ev dustaqlığı qərarını alıb buraxacaq. Belə də oldu. Həmin gün axşam İstintaq Təcridxanasından buraxıldım. Növbəti gün Vüsal məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdı, başqa yerə getməmək haqda iltizama imza etdirdı. Burada sakit oturmağına baxmayın, MTN-də oturuşu, yerişi göyə-yerə sığmırdı. Amiranə şəkildə dedi ki, 1 milyon dollar pulu da 4-5 ay ərzində tap gətir. Şərt qoydu.
Zərərçəkən deyib ki, kürəkəninin adına “Texnikabank”a qoyduğu vəsaiti də ələ keçiriblər:
-Mən həmin pulu kürəkənimin adına hesaba qoymuşdum ki, istədiyi vaxt xərcləsin. Həmin pulu “Texnikabank”a 2007-ci ilin yanvar ayında 1 milyon 120 min dollar kimi qoymuşdum. Lakin dolların məzənnəsinin aşağı düşdüyünü görüb Samirə tapşırdım ki, pulu götürsün və avro kimi yenidən banka qoysun. Samir də 1 milyon 120 min dollar pulu həmin günün məzənnəsi ilə avroya çevirərək 704 min avronu yenidən öz adına “Texnikabank”a qoymuşdu. Bunları niyə deyirəm. Məni qanunsuz olaraq həbsə alandan və hədə-qorxu ilə 2 milyon dollar tələb edəndən sonra bunlara dedim ki, imkan verin, kürəkənin adına olan pulu götürək, sizə verək, əl çəkin. Mövlam Şixəliyev dedi ki, banka qoyulan pulun adını çəkmə, həmin pulların sizə aidiyyəti yoxdur, onların yiyəsi var. Vüsal Ələkbərov həmin puldan imtina etməyim barədə məndən ərizə aldı.
“Qələbə kruqu”na gəl, pul gətir!
Zərərçəkən Vüsal Ələkbərova 1 milyon dolları hissə-hissə ödəməsini məhkəmədə belə xatırlayıb:
– 2009-cu ilin fevral ayında Vüsal Ələkbərov zəng elədi, dedi ki, “Qələbə kruqu”na gəl, pul gətir. Ora getdim, deyilən yerdə görüşüb 150 min dollar verdim. 1 ay sonra, yenə də zəng elədi. Dost-tanışdan 280 min dollar borc alıb aparıb Vüsala verdim. Apreldə yenə də Vüsal Ələkbərov zəng elədi, pul istədi. Bu dəfə 300 min dollar, 1 ay sonra, 2009-cu il mayın sonlarında Vüsal Ələkbərova 200 min dollar vermişəm. Axırıncı dəfə Milli Təhlükəsizlik Nazirliyinin yanında görüşüb 70 min dollar pulu da verdim. Vüsal Ələkbərov məni xidməti otağına dəvət etdi, çay içib söhbət elədik. Vüsal bilirdi ki, baş verənlərdən narazıyam, elə danışırdı ki, guya heç bir günahı yoxdur. Ertəsi gün Vüsal zəng elədi, barəmdəki saxta cinayət təqibinə xitam verildiyini dedi. Qərarı götürmək üçün MTN-ə çağırdı. Gedib qərarın surətini götürdüm. Vüsal Ələkbərova dedim ki, məndən aldığınız pulları qohum və dostlardan borc almışam, ödəyə bilmirəm, ona görə də “Para Bank”dan 300 min manat kredit götürmüşəm.
Yadıma düşmüşkən onu da deyim ki, bunlar məndən 1 milyonu alıb buraxandan sonra Mövlam Şıxəliyev mənə zəng etmişdi. Deyirdi ki, Vüsal sənə deyir pulu ver, niyə gecikdirirsən, vermirsən?! 3 ay sənə vaxt vermişəm, yubatma, gətir pulu ver! Mən də borc-xərc alıb dediyim kimi aparıb pulu vermişdim.
Bunlar özlərini yerin-göyün ağası bilirdilər. Bu Mövlam, bu gün qəfəsin bir küncünə sıxılıb oturub, vəzifəsindən, dövlətin gücündən istifadə edib başımıza oyun açdı. Mövlam, elə bu qəfəs sənin yerindir. Sənin kimilər özlərini də, vəzifəni də gözdən salırlar.
Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib.
Zərərçəkən sərbəst ifadəsini davam etdirərək deyib ki, kürəkəni Samir Nadirliyə ərizə yazdırıblar ki, guya ona vurduğu zərəri qızı ödəyib:
– Vüsal Ələkbərov məndən tələb etdi ki, kürəkənim Samirdən ərizə yazım, şikayətçi olum. Bunu Mövlamın tapşırığı ilə Vüsal Ələkbərov eləyirdi. Vüsal Ələkbərov mənə də ərizə yazdırmışdı ki, guya kürəkənimə vurduğum zərəri ödəmişəm.
Prezident 2015-ci ildə bunların mütəşəkkil cinayətkar quldur yuvası olan MTN-i dağıdandan sonra Vüsal Ələkbərov həbs olundu. O, iş üzrə də zərərçəkən idim. O işə hakim Siyavuş Hacıyev sədrlik edirdi. Vüsala 12 il cəza kəsildi. Sonradan isə Vüsalın cəzası 5 ilə endirildi və şərti hesab edib onu azad etdilər. Bunun necə baş verdiyini bizə hakim dedi. Məlum oldu ki, Vüsal Ələkbərovun azadlığa çıxması Ali Məhkəmənin sədri Ramiz Rzayevin şifahi göstərişi əsasında baş tutub. Məndən hədə-qorxu ilə alınan 2 milyon dollar və başqa zərərcəkənlərdən alınan pulların onun göstərişi ilə rüşvət kimi tanınması barədə məsələ qaldırıldı. Guya cinayət etmişik və rüşvət vermişik ki, bizi azad etsinlər. Mən heç bir cinayəti törətməmişəm, dələduzluq etməmişəm, heç kəsə maddi ziyan vurmamışam.
Faktiki olaraq barəmdə saxta ittihamla girov götürülmüşəm, MTN-in istintaq təcridxanasında qanunsuz olaraq 3 ay saxlanılmışam, 1 milyon dollar pulumu alandan sonra azadlığa çıxmışam. Sonradan qalan 1 milyon dolları düzəldib Vüsal Ələkbərova vermişəm. Sonuncu isə 12 il cəza alıb, həmin cəza Alı Məhkəmənin qərarı ilə bir dəfəyə 5 ilə endirilib və şərti hesab edilib. Bu gün Vüsal Ələkbərov yenidən burada oturub. Pulumuzu bu günə kimi ödəməyib və ödəmək fikrində deyillər. Bu mütəşəkkil cinayətkar quldur dəstə yüksək səviyyədə, Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən himayə olunub və olunmaqdadır. Açın qulaqlarınızı eşidin!
Zərərçəkənin bu sözləri hakim Elbəy Allahverdiyevin ayağa qalxıb onun sözünü kəsməsinə səbəb olub:
– Siz niyə bildiyinizi və bilmədiyinizi danışırsız. Keçin əyləşin.
Zərərçəkən:
– Mən sözümü bitirmədim.
Hakim:
– Keçin əyləşin.
Hakim zərərçəkənə sərbəst ifadəsini yekunlaşdırmağa imkan verməyib. Məhkəmə iyunun 6-na qədər təxirə salınıb. (Musavat.com)
Şərhlər