“Ona verilən işgəncələri gözümüzlə görmüşdük, yaralarına maz sürtürdük...”
02.06.2022 16:14 Sosreaksiya 466
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.
Ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun keçmiş kamera yoldaşları ifadə veriblər.
Eyvaz Əliyev 2020-ci ilin mart-may aylarında Bakı İstintaq Təcridxanasında İlkinlə eyni kamerada qalıb. 54 yaşlı E.Əliyev deyib ki, o, üç övladını itirib və əgər bu adamın Nərminin öldürülməsində əli olduğuna şübhəsi olsaydı, onunla çörək kəsməzdi: “İlkin Süleymanovun adını telekanallardan eşitmişdim, azyaşlının ölümünə görə ona qarşı öncədən nifrətim vardı. Hətta o kameraya gedib düşəndə Rəvan adlı kamera yoldaşımıza dedim ki, niyə bununla çörək yeyirsiz? Rəvan oğlu Uğurun canına and içdi ki, bu yazıq günahsızdır, onun heç bu cinayətdən xəbəri yoxdur, döyüb boynuna qoyublar. Mən özüm də 2 ay yarım o kamerada oldum, əmin oldum ki, həqiqətən elə imiş. Mənim nəslimin yarısını Xocalıda qırıblar. Mən üç uşağımı, həyat yoldaşımı itirmişəm. Əgər azacıq şübhəm olsaydı ki, bu işdə əli var, onunla çörək kəsməzdim.
İlkinə görə həmin kamera xüsusi nəzarət altında idi. Başqa kameralardan fərqli olaraq, bizə yemək üçün qızdırıcı, çaydan belə vermirdilər. Kameranın qarşısındakı gəzinti meydançasına buraxmırdılar. Bakı İstintaq Təcridxanasında məni çağırıb İlkinin əleyhinə ifadə almaq istədilər. Amma razılaşmadım. Dedim ki, yalan danışıb dədəmi söydürə bilmərəm”.
Süleymanovla eyni kamerada olmuş Raqif Mirzəyev isə onun üzərində işgəncə izlərinin olduğunu bildirib. Mirzəyevin sözlərinə görə, İlkin təcridxanaya gələndə ayaqlarının altı göy olub: “Əllərini tərpədə bilmirdi, zorla hərəkət edirdi. Elə qorxmuşdu, kamerada kimsə ona yaxınlaşanda çəkinirdi. Elə işgəncə verilmişdi ki, deməyə ehtiyac yox idi, gözümüzlə görürdük. Bizim köməyimizlə hərəkət edirdi. Yaralarına nə qədər maz sürtürdük. Çox pis vəziyyətdə idi.
İlkinə görə yanvar-fevral aylarında kamerada xüsusi nəzarətçi olurdu. Gedəndə gördüm ki, 4 nəfərlik kamerada 5 nəfər var. 1 nəfər nəzarətçi idi. Bir dəqiqə də boş buraxmırdılar oranı. Fevralda gündüz nəzarət ləğv olundu, ancaq gecələr qaldı. Martda ümumiyyətlə ləğv olundu. İlkin əvvəl çəkinsə də, sonradan bizimlə ünsiyyət qurdu. İttiham olunduğu cinayətə gəlincə, deyirdi ki, “mənim vicdanım təmizdir, gec-tez haqq ədalət öz yerini tutacaq”.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.
Şərhlər