Akademik: “AMEA olaraq müəyyən qədər nüfuzumuzu itirmişik”
03.06.2022 12:53 Sosreaksiya 373
“Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var”.
Bunu "TEKNOFEST Azərbaycan" festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclasında vitse-prezident, AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.
O bildirib ki, AMEA festivalda Azərbaycanın intellektual məfhumu kimi təqdim edilməyib: “Bu əhval-ruhiyyəni hiss etmədik. Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətlərində böyük nailiyyətlər əldə edib. Amma burda hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq”.
Akademik əlavə edib ki, "TEKNOFEST Azərbaycan" festivalı bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi: “AMEA-nın innovasiya, tətbiq məsələləri ilə daxili və xarici bazara çıxması bir neçə xüsusi təşkilatları çıxmaq şərti ilə yaranan mənzərə diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur.
Bizim innovativ istiqamətdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var. Burada təşkilatı, inzibati, maliyyə, institutsional tədbirlərin görülməməsi kimi məqamları gördük. Sanki biz bu proseslərdən kənarda qalmışdıq. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır. Rəyasət Heyətinin tərkibində bu istiqamətdə işlərlə məşğul olan insanlar olmalıdır. Müvəqqəti yaradılan işçi qruplarla bu məsələlər həll oluna bilməz. Söhbət bilik iqtisadiyyatının formalaşdırılmasından gedir. İşimizi bazar iqtisadiyyatının tələblərinə uyğun qurmalıyıq. Ölkələr arası biznes forumlarda iştirak etmək, görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq olduqca vacibdir. Ətrafımızda bir sosiotexnoloji mühit yaranır, biz bundan kənarda qala bilmərik”.
Şərhlər