Vilyam Hacıyevin evindən 6 silah, 65 patron götürülüb

03.06.2022 15:09     Sosreaksiya     466

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda sabiq icra başçısı dövlət ittihamçısının sularını cavablandırıb.

Prokuror ilk olaraq aztəminatlı ailələr üçün tikilmiş binadan başqa adamlara mənzil verilməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini xahiş edib.

Vilyam Hacıyev sözügedən mənzildən qanunsuz kiməsə mənzil verilməsindən xəbərsiz olduğunu deyib: "2018-ci ildə 48 mənzillik sosial bina tikilməsi üçün sərəncam verilib. Daha sonra bununla bağlı xüsusi komissiya yaradıldı. Bütün məsələlərlə komissiya məşğul olub, mənim xəbərim olmayıb. Mənim tapşırığım bu idi ki, kimin növbəsidirsə ona ev verilsin".

Daha sonra prokuror "DOST" İş Mərkəzi ilə vətəndaşlar arasında iş müqaviləsi bağlanmasında İcra Hakimiyyətinin rolunun nədən ibarət olduğunu soruşub.

Vilyam Hacıyev həmin işlərlə İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin məşğul olduğunu bildirib. Sabiq başçı iş otağından əmək haqqı kartlarının çıxması ilə bağlı ittihamı da qəbul etmədiyini deyib: "O kartlar mənim otağımdan çıxmayıb. Olsaydı, çəkib göstərərdilər ki, mənim seyfimdən çıxıb".

Vilyam Hacıyev prokurorun İcra Hakimiyyətinin inzibati binasının tikintisinə, şəhərdə aparılan abadlıq işlərinə, aztəminatlı ailələr üçün ayrılan yardımların mənimsənilməsi ilə bağlı suallarına da təkzibedici cavablar verib. O, verilən ittihamları qəbul etməyib.

Vilyam Hacıyev "İmişli rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev, Maliyyə şöbəsinin müdiri Rəhim Rəhimovla aranızda hansı münasibətlər olub" sualına isə "İcra Hakimiyyətinin məsul işçiləri olublar, aramızda da yalnız tam rəsmi münasibət olub", - deyə cavab verib.

Dövlət ittihamçısının sualları bitdikdən sonra prosesdə Bakıda bərbər fəaliyyəti ilə məşğul olan Türkiyə vətəndaşının ifadəsi elan edilib. Sözügedən bərbər istintaq zamanı verdiyi ifadəsində pandemiya dövründə icra başçısının əli ilə rayona aparıldığını deyib:

"Vilyam Hacıyev mənim müştərimdir. 2020-ci ildə pandemiya dövründə mənə zəng edib dedi ki, İmişliyə gəlməlisən. Mən də dedim ki, gələ bilmərəm. Sonradan məni qanunsuz yolla apardı".

Daha sonra hakim Vilyam Hacıyevin istintaq zamanı verdiyi ifadəni elan edib.

Sabiq icra başçısı və vəkili Elmar Kərimov hakimə, həmin ifadəyə etiraz ediblər.

Vilyam Hacıyev hüquq-mühafizə orqanı tərəfindən həbs olunan günü verdiyi ifadəni qəbul etmədiyini deyib. Təqsirləndirilən şəxs həmin vaxt özündə olmadığını və sadəcə, qol çəkdiyini bildirib.

Sual-cavab mərhələsi başa çatdıqdan sonra iclasda V. Hacıyevin ittiham olunduğu 228-ci maddə (qanunsuz silah saxlama) ilə bağlı ekspertiza rəyi açıqlanıb.

Bu zaman məlum olub ki, istintaq orqanı tərəfindən keçirilən əməliyyat zamanı Vilyam Hacıyevin evindən 6 ədəd döyüşə yararlı ov silahı, 65 ədəd isə patron aşkar edilərək götürülüb.

Vilyam Hacıyev həmin silahlarının qanuni olduğunu, patronların isə mağazadan aldığını deyib: "Mənim ovçuluq üçün icazəm var, Ovçular Birliyinin də üzvüyəm. Bütün silahlar da qanuni şəkildə, ov üçün alınıb".

Prosesin sonunda cinayət işi üzrə zərərçəkmiş DOST İş Mərkəzinin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri mülki iddia qaldırıblar. DOST İş Mərkəzi 274 min 894 manat, Kürdəmir Regional Mədəniyyət İdarəsi isə 31 min manat məbləğində dəymiş ziyanın ödənilməsini istəyiblər.

Proses iyunun 6-da davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.(apa)

Reaksiya.az

Şərhlər