Şort geyinən tələblər universitetdən qovulsun! - Qalmaqallı TƏKLİF

08.06.2022 12:29     Sosreaksiya     354

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinə geyim qadağası qoyması sosial şəbəkələrdə günün mövzusuna çevrilib. Daxili qərara əsasən, şort və mayka geyinən tələbələrin universitetin kitabxanasına buraxılmaması ciddi narazılığa səbəb olub. 
 
Kitabxanaya vurulan elanda tələbələrin şort və maykada kitabxanaya gəlməsinin qadağan edildiyi qeyd olunub. Universitet mediaya açıqlamasında belə bir qadağanın adi hal olduğunu, təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları çərçivəsində tətbiq edildiyini bildirib.
 
Sosial media üzərində gedən müzakirələrdən məlum olur ki, şort qadağasına qarşı çıxanlarla yanaşı, belə bir məhdudiyyəti dəstəkləyənlər də var. Belə şəxslərdən biri Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir.
 
Bundan əvvəl müsahibələrində kişilərin şort geyinməsinə pis baxdığını etiraf etmişdi, sərt fikirlər səsləndirmişdi. Partiya sədri hələ də radikal mövqedə qaldığını gizlətmir.
 
Belə ki, H.Hacıyev Modern.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycan Tibb Universitetinin qərarı düzgündür. Onun sözlərinə görə, şort geyinən tələblər universitetdən qovulmalıdır:
 
"Elə vəziyyət yaranıb ki, artıq Avropanı da ötüb keçmişik. Əxlaqsızlığa, milli qürura ziyan verən hərəkətlərə yol verməməliyik. Bunu gənclərimiz də başa düşməlidir. Milli dəyərlərimizə hörmətlə yanaşmalıyıq. Azərbaycanlıyıq, müsəlmanıq bizim qayda-qanunlarımız var".
 
Partiya sədri şort qadağasını dəstəklədiyini sözlərinə əlavə edib:
 
“Univeristet düz edib, tam dəstəkləyirəm. Tələbə alt paltarı ilə dərsə gəlmək istəyəcək, buna göz yumulacaq? Belə biyabırçlığına yol vermək olmaz". 
 
H.Hacıyev geyim məsələsində valideynlərin günahkar olduğunu hesab edir:
 
“Tələbə evdən çıxanda onun anası, atası görmür ki, övladı əxlaqsız geyimdə dərsə gedir? Valideyn övladına “biz müsəlmanıq, belə geyinmə, bu cür hərəkətlərə yol vermə, niyə lüt gedirsən dərsə” desə, universitetdə belə elan verməyə ehtiyac olmaz. Kimlərinə cəmiyyətimizi pozmasına icazə verməyək”.
 

Şərhlər