"Sözümün üstündə dayanıram, Cahangir Əsgərov sağ olsun..." - Aqil Abbas

16.06.2022 15:12     Sosreaksiya     454

Xalqın istəyini, ürəyindən keçənləri bilirəm. Ona görə də, sarkazmla Naxçıvana biletlərin qiymət artımına etiraz olaraq yazı yazdım. Yazmışam, haqlıyam da, sözümün üstündə də dayanıram, vəssalam! Cahangir Əsgərovdur da... Allah işini avand etsin! Yenə də deyirəm sağolsun ki, Naxçıvana bilet qiymətlərini 150 manata qaldırmayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, məsələni Milli Məclisdə də qaldıracaq: “İki dəfə bununla bağlı Milli Məclisdə sözümü demişəm. Sabahkı iclasda yenə də deyəcəm. Sözlərimi sarkazmla demişəm başa düşən düşsün, düşməyən də özü bilər. Kimsə sarkazmı, ədəbiyyatı bilmirsə, anlamırsa, özü bilər”.

Aqil Abbas yazısında qeyd edib: “Naxçıvanlılar, xüsusən də öz qohumlarım mənə yazırlar ki, Aqil bəy, niyə Əli Əsədovu və Cahangir Əsgərovu tənqid edirsiniz, onları hirsləndirirsiniz? Çox sağ olsunlar ki, qiyməti 100-150 manata qaldırmayıblar. Guya o qədər qaldırsaydılar nə edəcəkdik ki? Allah balalarını saxlasın, özlərinə də uzun ömür versin ki, qiyməti 100-150 manata qaldırmayıblar”.

Xatırladaq ki, Azərbaycan vətəndaşı olan hər bir sərnişinə iyunun 6-dan etibarən güzəşt məbləği 10 manata endirilib. Əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 50 manatdan 60 manata qalxıb.

Deputat Fazil Mustafa da Naxçıvana təyyarəyə bilet tapılmadığı ilə bağlı narazılığını dilə gətirib: "Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir".

Reaksiya.az

 

Şərhlər