Musa Quliyev: “Dünyada qiymətlərin artması ölkəmizdə də bahalaşmaya səbəb olub”
22.06.2022 12:34 Sosreaksiya 432
Milli Məclisin iclasında müzakirə olunan 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, yenilənmiş dövlət büdcəsində pandemiya ilə bağlı bəzi müavinət xərclərinin azaldılması nəzərdə tutulur.
Komitə sədrinin sözlərinə görə, müavinətlərə ayrılan vəsaitin azaldılması pandemiyanın təsirinin azalması ilə bağlıdır: “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanununda təklif olunan dəyişikliyə əsasən, uşağın anadan olmasına görə müavinətin məbləğinin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatıdırılması nəzərdə tutulub. Bu artım uşağın doğulmasına görə məbləğin bu ilin əvvəlində 200 manatdan 300 manata qədər artırılması ilə bağlıdır. Bütün bu dəyişikliklər dürüstləşdirmə xarakteri daşıyır və əhalinin sosial təminatının davamlılığının təmin olunması strategiyasına xidmət edir”.
M.Quliyev dedi ki, 2022-ci il üzrə dürüstləşdirilmiş büdcənin müzakirəsi ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar hadisədir: “Dünyada gedən dərin, hərbi-siyasi, maliyyə-iqtisadi böhranına baxmayaraq postmüharibə və postpandemiya dövründə Azərbaycandakı iqtisadi artımı dövlətimizin qüdrəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən və doğru siyasətin nəticəsi kimi qiymətləndirmək lazımdır. Biz keçən ilin payızında müstəqillik dövrümüzün ən böyük həcmli büdcəsini qəbul etmişik. Bu ilin 5 ayı ərzində baş verən iqtisadi artım büdcəmizin daha da böyüməsinə imkan yaratmışdır. Bu ilin ilk 5 ayında əvvəlki illə müqayisədə 7,2% iqtisadi artım baş vermişdir ki, bu da son 12 ilin ən böyük artımıdır. Qeyri-neft sektorunda 11,4%-lik artımın müşaidə edilməsi də sevindiricidir və yaxın dövrdə bu sahələrdən əldə olunan gəlirlərin ÜDM-un mühüm hissəsinə çevriləcəyini söyləyə bilərik. Dürüstləşdirilmiş büdcə layihəsində dövlət büdcəsinin xərcləri 32,3 milyard manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsindən 8,1% çoxdur. Büdcə xərclərinin bölüşdürülməsi istiqamətləri də hökumət tərəfindən prioritetlərə uyğun olaraq düzgün müəyyənləşdirilib. Büdcə xərclərinin mühüm bir hissəsi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına yönəldiləcəkdir. Erməni vandalizmi nəticəsində dağıdılmış ərazilərin bərpası, məcburi köçkün soydaşlarımızın ata-baba torpaqlarına qayıtması bu gün dövlətimizin və xalqımızın qarşısında duran ən vacib məsələdir. Mən hesab edirəm ki, biz bütün gücümüzü və səylərimizi bu istiqamətdə birləşdirməliyik”.
Komitə sədri bildirdi ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında darmadağın olunan Ermənistan heç bir dövlət əxlaqına sığmayan namərdliklə Gəncə, Tərtər, Bərdə, Ağcabədi və s. rayon və kəndlərimizi raket və iri çaplı silahlarla atəşə tutaraq, mülki insanlarımızı qətlə yetirib, evləri və digər mülki obyektləri dağıdıb: “Dağıdılmış mülki obyektlərin və sosial infrastrukturun bərpasına dürüstləşdirilmişbüdcədən əlavə vəsait ayrılmasını da təqdirəlayiq hesab edir və dəstəkləyirəm. Ötən ilin əvvəlindən başlayan ümumdünya iqtisadi böhranı nəticəsində bütün dünyada ərzağın, çoxişlənən malların və xidmətlərin qiymətlərinin artması ölkəmizdə də bahalaşmaya səbəb olub. Xüsusilə ərzağın qiymətinin qalxması inflyasiya risklərinin artmasını şərtləndirir. Ona görə də dürüstləşdirilmiş büdcədə ilin sonuna proqnozlaşdırılan inflyasiyanın 12,6% göstərilməsini və bahalaşmanın qarşısını almaq istiqamətində büdcədən maliyyə təminatının yaradılmasını doğru yanaşma hesab edirəm. Heç şübhəsiz ki, bahalaşmanın qarşısının alınması və keyfiyyətli ərzaq məhsullarına əlçatanlığın təmin edilməsi üçün ərzaq bolluğunun yaradılması mühüm şərtdir. Büdcə xərclərinin bir istiqamətinin də ərzaq təhlükəsizliyi probleminin həllinə yönəldilməsi düzgün addımdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətin öhdəliklərinin daha layiqlı yerinə yetirilməsi üçün də büdcə layihəsində lazımı vəsait nəzərdə tutulub ki, bu istiqaməti də hər birimiz dəstəkləyəcəyik”.
Şərhlər