MM-in komitə sədrləri Şuşa Xəstəxansında

07.07.2022 12:14     Sosreaksiya     330

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə keçirilən dinləməsi çərçivəsində Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov Şuşa Modul Tipli Xəstəxanasına gedərək, tibb heyəti və xəstəxananın iş şəraiti ilə tanış olublar.

Görüşdə Xəstəxana nümayəndəsi məlumat verdi ki, Şuşa Modul Tipli Xəstəxanasında təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya şöbələri mövcuddur. Tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir. Müasir palatalarla təmin olunan Şuşa Modul Tipli Xəstəxanasında mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir. Vətəndaşlar burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tibb xidmətlərdən yararlana bilirlər. Rəsmi qonaqlar həmçinin yeni tikilən Şuşa Xəstəxanasının ərazinə də baş çəkiblər.

 

Şərhlər