Ölkəmizdə İnformasiya və Kommunikasiya Texnologiyalarının rolu
07.07.2022 12:24 Sosreaksiya 571
İnformasiya texnologiyasında məqsəd insan tərəfindən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticə informasiyanın keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı
Hazırki dövrdə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bağlı görülən işlər nəticəsində 2003-2009-cu illərdə ölkədə İKT sektoru üzrə 500-ə yaxın yeni özəl müəssisə yaradılıb.
İndiki dövrdə ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub.
Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini inkar etmək olmaz. Onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, insanların həyat tərzini təşkil edir. Bu baxımdan ölkəmizdə bu sahə üzrə innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində İKT sahəsinin inkişafında dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkə təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, eyni zamanda müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım və s. nəzərdə tutulur. Bu istiqamət üzrə ölkəmizdə inkişaf dinamikasını daha da artıran amillərdən biri “Elektron Hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
Qeyd etmək lazımdır ki, bu gün İKT sahəsində yeni biliklərin, həmçinin innovativ bacarıqların yüksəldilməsi, bununla yanaşı, sosial –iqtisadi davranışların hər bir mərhələsində İKT-dən səmərəli istifadə olunması məsələləri böyük önəm kəsb etməkdədir. Belə ki, həmin proseslər – ölkə vətəndaşlarının yaşam tərzini, keyfiyyət səviyyəsini və iqtisadi proseslərin məhsuldarlığını yüksəltməklə, ölkə iqtisadiyyatının beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin daha da yüksəlməsinə əlverişli şərait yaradır
Həlimə Əliyeva
Şərhlər