Hafiz Hacıyev Vilyam Hacıyevə 12 il həbs verilməsinə SEVİNDİ

25.07.2022 16:46     Sosreaksiya     496

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevə hökm oxunub. Məhkəmənin qərarına əsasən, V.Hacıyevə 12 il müddətində həbs cəzası verilib.

Keçmiş icra başçısının həbsi barədə Modern.az-a danışan yaxın qohumu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hökmdən narazılığının olmadığını bildirib.

“Qanun hamıya aiddir, hamı üçün eynidir. Cinayət törətdiyinə görə, ona həbs cəzası veriblər. Dövlətin əmlakını yeyib dağıtmayardı, tutulmayaydı. Qanun şahdır, bu cür əməlləri törədən şəxs cəzasız qala bilməz. Ola bilər ki, bu gün kimlərsə dövlət əmlakını yeyib dağıdır, hələ cəzalanmayıb, amma onlar da bilsinlər ki, aqibətləri Vilyam Hacıyevlə eyni olacaq. Kim ki, belə yollara əl atır, elədikləri mütləq bir gün burunlarından gələcək. Xalqın pulunu yeyənin axırı budur. Vilyam Hacıyevin ağlı olardı, dövlətin pulunu yeməzdi, normal işləyərdi, 12 il də azadlığından olmazdı", - partiya sədri deyib.

Bundan əlavə, Hafiz Hacıyev sabiq icra başçısının ailəsilə əlaqəsinin olmadığını söyləyib:

“Mənim heç kimlə əlaqəm yoxdur, nə də kiməsə görə, gedib nəsə edəsi deyiləm. Hamı qanun qarşısında bərabərdir. Kimliyindən asılı olmayacaq, qudurğan məmurların hamısı tutulacaq".

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub. 

Sabiq icra başçısı bu gün məhkəmənin qərarı ilə 12 il müddətinə azadlıqda məhrum edilib. Bundan başqa, onun 5 milyon 344 min manat dəyərində əmlakı müsadirə edilib. 

Reaksiya.az

Şərhlər