Boris Conson NATO-nun növbəti baş katibi ola bilər
27.07.2022 13:10 Sosreaksiya 439
Böyük Britaniya Baş nazirinin Rusiya Federasiyasına qarşı müharibədə Ukraynanı dəstəkləmək üçün qətiyyətli addımları bəzi siyasətçilər arasında müsbət qarşılanıb.
Tezliklə vəzifəsindən istefa verəcək Böyük Britaniyanın Baş naziri Boris Conson NATO-nun növbəti baş katibi ola bilər.
Bu barədə “The Telegraph” məlumat verib.
Məlumata görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəsi zamanı siyasətçinin nümayiş etdirdiyi liderlik keyfiyyətləri bəzi Britaniya rəsmilərini Consonu Şimali Atlantika Alyansının baş katibi postuna namizəd kimi dəstəkləməyə sövq edib. Xüsusilə Consonun namizədliyini Müdafiə Komitəsinin üzvləri Riçard Draks və Mark Fransua, həmçinin Böyük Britaniyanın Avropa İttifaqından çıxışı üzrə keçmiş naziri Devid Cons dəstəkləyirlər.
M.Fransua deyib ki, Conson NATO-nun baş katibi vəzifəsinə namizədliyini təqdim etmək qərarına gələrsə, o, asanlıqla “tövsiyələr üçün Volodimir Zelenskiyə müraciət edə bilər”.
Digər britaniyalı siyasətçilər isə baş nazirin NATO kimi bir təşkilata rəhbərlik etmək qabiliyyətinə şübhə ilə yanaşırlar. Onların arasında 2006-2009-cu illərdə Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Riçard Dannat və Müdafiə Nazirliyinin adı açıqlanmayan digər rəsmisi də var. Hər ikisi hesab edir ki, Consonu məsul vəzifəyə təyin etmək üçün ciddi maneələr var.
“Reallıq ondan ibarətdir ki, NATO nümayəndələri yekdil qərarla təyin olunurlar. İstənilən ölkə buna veto qoya bilər. Sizcə, Prezident Makron NATO-nun baş katibi vəzifəsinə Boris Consonun namizədliyini irəli sürəcəkmi? Bu, Britaniya tərəfi üçün çağırışdır. Birləşmiş Ştatların dəstəyinə və həmçinin fransızların da “hə” deməsinə ehtiyac var”, - deyə Böyük Britaniyanın müdafiə rəsmisi bildirib.
Şərhlər