100 manatlıq alış-verişdə 3 manat 5 qəpik ƏDV ala bilərik - Yenilik

02.08.2022 10:02     Sosreaksiya     457

Nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılacaq ƏDV faizi artırılır. Yəni gələcəkdə aldığınız malın ödənişini nağd deyil, nağdsız formada etsəniz, sizə daha çox ƏDV qaytarılacaq.

Reaksiya.az Xəzərxəbər-ə istinadən bildirir ki, bu təkliflər Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan paketdə öz əksini tapıb. Mövcud qaydalara görə, hazırda əlavə dəyər vergisinin müştəriyə qaytarılan hissəsi nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizini təşkil edir. Təklif olunan dəyişikliklər qəbul olunarsa, nağdsız ödənişlər zamanı ƏDV geri al faizi 15%-dən 20% qədər artırılır, nağd ödənişlər zamanı isə ƏDV geri al faizi 10%-dən 5%-ə endiriləcək. Məsələn, indi 100 manatlıq nağdsız edilən alış-veriş zamanı əlavə dəyər vergisinin alıcıya qaytarılan məbləği 2 manat 28 qəpikdir. Ancaq yeni qaydalar qüvvəyə minərsə, bu zaman alıcı hər 100 manatlıq alış-veriş üçün 3 manat 5 qəpik ƏDV ala biləcək. Nağd ödənişlər zamanı isə 100 manatlıq alış-veriş zamanı alıcıya 1 manat 52 qəpik ƏDV qaytarılır. Yeni təkliflər qüvvəyə minərsə, nağd alış zamanı alıcıya cəmi 76 qəpik qaytarılacaq Bundan əlavə, təkliflərdə tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin qaytarılması da nəzərdə tutulur.

Şərhlər