Dünyanı YENİ TƏHLÜKƏ gözləyir - Xaosa sürüklənirik

03.08.2022 13:41     Sosreaksiya     451

Rusiya-Ukrayna müharibəsindən sonra başlayan ərzaq və enerji böhranı bütün dünyaya təsir edib. ABŞ, Çin və Tayvan arasındakı gərginlik isə yeni böhrana gətirib çıxara bilər. Mütəxəssislər Tayvanın dünyanın ən böyük çip istehsalçısı olduğuna diqqət çəkir və mümkün müharibənin xaosa, iqtisadi qarışıqlığa səbəb ola biləcəyini düşünürlər. Mümkün çip böhranı smartfonlarımıza, avtomobillərimizə və hətta evdə istifadə etdiyimiz məişət texnikasına təsir edə bilər...

Fevralın 24-də başlayan, təkcə Rusiya və Ukraynaya deyil, bütün dünyaya təsir edən müharibə bitməmiş ABŞ, Çin və Tayvanın əsas rol oynadığı yeni böhran başlayıb.

Musavat.com xəbər verir ki, Avropanın taxıl anbarı kimi tanınan Ukraynanın işğalından sonra ərzaq və enerji qiymətlərində baş qaldıran bahalaşma başda Avropa olmaqla dünyanın böyük hissəsinə təsir edib.

Bəs ABŞ, Çin və Tayvan arasındakı böhran həll olunmasa, dünyanı nələr gözləyir? Mümkün müharibə ən çox hansı sektorlara təsir edəcək?

Çin Tayvanı işğal edərsə, müharibədən ən çox zərər çəkəcək sektorun texnologiya sənayesi olacağı bildirilir. Mütəxəssislərin fikrincə, Tayvandakı dünyanın ən qabaqcıl çip fabriki fəaliyyətini dayandırarsa, qlobal təchizat zənciri xaosa sürüklənəcək və bu, smartfonlar, kompüterlər və əyləc sensorlarında ciddi problemlər yaradacaq.

"Apple"ın çiplərini istehsal edən dünyanın ən böyük müstəqil yarımkeçirici istehsalçısı olan "Taiwan Semiconductor Manufacturing Company" (TSMC) Çin və Tayvan arasında baş verə biləcək müharibədə hər kəsin uduzacağı, həmçinin müharibənin iqtisadi qarışıqlığa səbəb olacağı barədə xəbərdarlıq edib.

TSMC-nin rəhbəri Mark Liu "CNN"ə açıqlama verərək Çini hər hansı bir addım atmazdan əvvəl bir daha düşünməyə çağırıb.

Ötən il dünya yarımkeçiricilərinin 60 faizinin Tayvanda istehsal edildiyinə diqqət çəkən Liu dünya iqtisadiyyatının yeni böhranla üzləşməməsi üçün tərəfləri müharibədən çəkinməyə və Rusiya-Ukrayna münaqişəsindən dərs çıxarmağa çağırıb.

Onu da bildirək ki, sektorun bir nömrəli təmsilçisi olan TSMC milyardlarla dolları keçən bazar dəyəri ilə dünyanın ən bahalı şirkətlərindən hesab olunur.

Qeyd edək ki, texnologiyanın əvəzolunmaz hissəsi olan çiplər "yarımkeçirici" adlanan maddədən hazırlanır. Bu maddələr elektrik cihazlarında kiçik beyin rolunu oynayır.

Məsələn, standart bir avtomobildə 1000-dən çox çip və ya yarımkeçirici var. Ev elektronikası, telefonlar, planşetlər, kompüterlər - bir sözlə, bütün elektrik cihazlarında mikroçiplərdən istifadə olunur. Bank kartları və SIM kartlara isə şəxsi məlumatları ehtiva edən çiplər yerləşdirilir.

ABŞ, Çin və Tayvan arasındakı gərginlik pik həddə çatdıqca çip böhranı da bütün dünyanı əhatə etməyə başlayır.

 

Reaksiya.az

Şərhlər