“Ölülər dirilir”
07.09.2022 15:00 Sosreaksiya 531
Hörmətli oxucular, siz heç də təəcüblənməyin, bu həqiqətə yaxın bir əhvalatdır. İslam dinini qəbul edənlərə hədislər vasitəsi ilə dindarlar çatdırmağa çalışırlar ki, axirət günü yaxınlaşır və axirət günü bütün canlılar dünyasını dəyişəcək, sonradan isə onların ruhları oyanaraq bu dünyaya qayıdacaqlar. Bəzilərimiz buna inanır, lakin inanmayanlar çoxluq təşkil etməkdədir. Mənim bu məqaləm inanmayanları haqqa dəvət etməkdən ibarətdir. Hər bir oxucudan xahiş edirəm ki, bu məqalənin diqqətlə oxuyub yaxınlarınızla paylaşasız, xüsüsən də dini mərasimlərdə təbliğ edəsiz.
Hər bir Azərbaycan Respublikasının vətandaşı dövlət qayğısı ilə əhatə olunur. Bu qayğıdan sözsüz ki, hər-bir vətəndaş eyni qaydada yararlanmadığına görə razı qalanda var, razı qalmayanda. Ancaq hər iki halda Allaha şükür etməyimizi dinimiz buyurur. Əhalinin həssas qrupuna aid olan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları xüsusi dövlət qayğısı ilə əhatə olunurlar. Buna misal kimi şəhid ailələrinin və müharibə əlillərinin fərdi yaşayış evləri, mənzillərlə və hərəkət-dayaq sistemində məhdudiyyət olan əlillərin minik avtomobilləri ilə təmin olunmaları, dövlət hesabına sanatoriya-kurort müalicəsinin təşkil olunması, pensiyaların və təqaüdlərin artırılması, övladlarının pulsuz təhsil almaları, sığorta pullarının dövlət büdcəsi hesabına birdəfəlik ödənilməsi və digər çoxsaylı xidmətlər.
Şəhid ailələri sığorta pulu ilə tam təmin olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Qarabağ müharibəsi əlillərinin sığorta pullarının verilməsi barədə sərəncam imzaladı. Bu sərəncamın necə yerinə yetirilməsi ilə əlaqədar redaksiyamız araşdırma aparıb. Avqust ayının əvvəlində ƏƏSMN-nin alt sistemində olan 11000 nəfər birdəfəlik ödəmə ilə təmin olunmuşlar. Birdəfəlik ödəmə ilə təmin olunmayanların səbəbi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasında qərarın alt sistemə vaxtında işlənilməməsi bəlli oldu. Bu məsələyə kömək məqsədi ilə ƏƏSMN-nin əməkdaşları Müdafiə Nazirliyində mütəxəsis olmadığına görə həmən quruma ezam olundu və bu günə olan məlumata əsasən artıq 3000 nəfər əlavə olaraq təmin olunub.
İndi keçək əsas məsələyə. Vəfat etmiş əlillərin varisləri bu günə kimi birdəfəlik ödəmə ilə təmin olunmayıblar. Bizə edilən müraciətlərə görə varislik təyin edən Ədliyyə Nazirliyindən bildirdilər ki, ƏƏSMN-də vəfat etmiş əlillər sağ göstərildiyi üçün varislik təyin etmək mümkün deyil. Bununla bağlı ödəmə ala bilməyən əlillərin valideyinləri və həyat yoldaşları ƏƏSMN-nə avqust ayının əvvəllərində müraciət edərək xahiş etmişlər ki, onların övladlarını vəfat etmiş kimi qeydə alsınlar. Cavab olaraq onlara bildirilir ki, araşdırma aparılır. Çox əfsuslar olsunki hələdə haqq dünyasından cavab vermirlər. 07 sentyabr 2022- ci ildə ƏƏSMN- nin qaynar xəttində olan Cəmilə xanım Dünyamalıyeva ilə əlaqə saxlayıb cavabın öyrənməyə çalışdıq. Cəmilə xanım bildirdi ki, həqiqətən bu məsələ mövcuddur, müraciətlərin sayı çox olduğuna görə hələ cavablandırmaq mümkün olmayıb. Bildirmək istərdim ki, vəfat etmiş əlillərin sayı 400 nəfər civarındadır, 20 iş günü ərzində cavab verməli olan nazirlik 1 ay ərzində hələ heç kimə cavab verməyib. Bütün din xadimlərindən xahiş olunur ki, vəfat etmiş əlillərin həqiqətən haqq dünyasında olmaları haqqında alt sistemə salınması üçün nazirliyin əməkdaşlarına köməklik göstərsinlər.
Aris Məmmədov
Şərhlər