Gediş haqlarını qaldırılır? Hansı meyar tətbiq olunacaq?
28.09.2022 14:11 Sosreaksiya 437
Ölkədə gediş haqlarının “tənzimlənməsi”, yəni artırılması barədə özəl şirkətlər tərəfindən Tarif Şurasına müraciət edilib. Bu isə o deməkdir ki, Bakıda gediş haqlarının artırılacağı gündəmdədir və böyük ehtimalla, bu baş verəcək.
Ancaq Tarif Şurasına müraciət əsaslandırılıbmı? Yalnız öz xərclərini nəzərə alıblar, yoxsa həssas sosial təbəqəni də düşünürlər? Ümumiyyətlə bizdə gediş haqları hansı meyarlara əsaslanır və necə təyin edilir?
Nümunə kimi “qardaş ölkəmiz” olaraq qəbul etdiyimiz Türkiyədən öyrənə bilərik.
Birincisi, qardaş ölkənin böyük şəhərlərində gediş haqları və güzəştlər tam fərqlidir; orda qiymətləri, nəqliyyatın tənzimlənməsini böyükşəhər bələdiyyələri həyata keçirir və dövlət bu məsələlərə qarışmır.
İkincisi, Türkiyədə yanacaq Bakıdan 2 dəfə, elektrik enerjisi isə təxminən 2,5 dəfə bahadır. Yəni nəqliyyat xərclərinin özü bahadır və buna görə də Türkiyə şəhərlərində gediş haqları Bakıdan ucuz ola bilməz.
İndisə Bakıya əhali və bir qədər də yerləşmə baxımından (Egeyin sahilindədir) uyğun olan İzmirlə müqayisələr aparaq.
İzmirdə kart sistemidir - İzmir Kart (eynilə Bakı Kart kimi), amma bu kart həm qatarlarda, həm gəmidə (İzmirdə Qarşıyaxaya keçmək üçün gəmi nəqliyyatından istifadə olunur), metroda, trolleybusda – taksidən başqa bütün nəqliyyat vasitələrində keçərlidir.
Hava limanından şəhərə qatar, avtobuslar və s. işləyir və istər gəmi, istər qatar və metro, istər trolleybus və martşrut avtobuslarında qiymətlər eynidir.
Gediş haqqı 6,5 lirədir (təxminən 60 qəpik edir). Beləliklə, gediş haqları ilə yanacaq və elektrikin qiymətini nəzərə alsaq, Bakı ilə eyni qiymətdir. Ancaq Bakıda heç bir güzəşt yoxdur, İzmirdə isə güzəştlər belədir:
1. 60 yaşdan yuxarı şəxslərə gediş tamamilə pulsuzdur;
2. İlk gediş 6,5 lirədir, ancaq 2 saat ərzində təkrar nəqliyyatdan istifadə edərsənsə, 1,2 lirə (təxminən 10 qəpik), yenə 2 saat ərzində istifadə edilərsə, 0,9 lirə, bunun ardınca 30 dəqiqə ərzində yenidən istifadə isə pulsuzdur.
3. Tələbələr üçün İzmir Kart ayrıcadır, bu kartları tələbə bileti ilə verilir. Tələbələrə gediş haqqı 2 lirədir (təxminən 18 qəpik) və eyni qayda ilə tələbə gün ərzində nəqliyyatdan daha çox istifadə edəcəyi halda 5-6 qəpiyə enir və bəzi gedişlər isə pulsuz olur.
Onu da nəzərə alaq ki, Türkiyədə son aylar kəskin bahalıqdan şikayətlənsələr də, Bakı ilə müqayisədə 3-4 dəfə ucuzluqdur – xüsusilə xidmət sahəsində. Üstəlik, Türkiyədə minimum əmək haqqı 5500 lirə (təxminən 500 manat), bizdə isə 300 manatdır.
Gediş haqqının artırılması zamanı bu sistemin tətbiqi həssas sosial təbəqənin maraqlarını nəzərə almaq deməkdir – xüsusilə tələbələr və 60 yaşdan yuxarı olanlar üçün.
Şərhlər