Dava edən şagirdlərin valideynləri polisə çağırıldı
04.10.2022 14:03 Sosreaksiya 327
Bakıda 112 saylı orta məktədə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Reaksiya.az-a verilən məlumata görə, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:
"Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".
Bakının 112 saylı orta məktəbindən şagirdin sinif yoldaşını döyməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirilib.
Məktəbdən "Unikal"a verilən məlumata görə, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib:
"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".
Şərhlər