Erməni terroru: 1105 azərbaycanlı həlak olub

06.10.2022 12:28     Sosreaksiya     453

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi teror hadisələri nəticəsində 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-nin Azərbaycan SSR-yə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə, xalqına və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib: "Bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb.

Eyni zamanda cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilmiş, həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilir.

Erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət hadisələri bir neçə istiqamətdə təsnifatlaşdırıla bilər ki, burada da kütləvi insan tələfatları ilə nəticələnən terror hadisələri xüsusi qeyd edilməlidir".

İ.Səfərov söyləyib ki, 1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.

Həmin terror hücumlarından biri zamanı 20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana məxsus Mİ-8 markalı hərbi helikopterin vurulması nəticədə Azərbaycanın Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olmaqla ümumilikdə 22 nəfər qətlə yetirilib.

Hətta 18 mart 1994-cü il tarixdə Xankəndi şəhəri yaxınlığında Azərbaycana məxsus olduğunu güman edildiyi üçün İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarənin vurulması ilə 34 diplomat və ailə üzvləri həlak olub", - o vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar