Ermənistan və ermənilər üçün gerisayım başladı - Praqa görüşünün və anlaşmasının qısa özəti
07.10.2022 13:03 Sosreaksiya 517
Oktyabrın 6-da təkcə Azərbaycan, Türkiyə və Ermənistanın deyil, bir çox ölkələrin nəzərləri Praqaya dikilmişdi. Böyük Hüseyn Cavidin məşhur “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” misralarını xatırladım o anlarda...
Azərbaycan və Türkiyə liderləri nəhayət, qan tökülməsinə son qoyulması, bölgədə sabitliyin və təhlükəsiz həyatın mövcud olması, normal birgəyaşayışın təmin olunmasından ötrü həm sözdə, həm də əməldə var gücləri ilə çalışırlar. Qafqazlarda sabitliyin təmin olunması təkcə regional təhlükəsizlik baxımından deyil, həm də beynəlxalq təhlükəsizlik sarıdan olduqca mühüm məsələdir və hadisələrə bu prizmadan yanaşır iki Türk lider. Elə Praqadakı görüşlərdə də bütün dünya bunun şahidi oldu. Baxmayaraq ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı təsəvvürə gətirilməsi belə dəhşət saçan cinayətlər törədib, 30 minədək insanımızı qətlə yetirib, əsir və itkinlərimizin sayı minlərlədir, bu gün də, məğlub durumunda belə islah olunmayıb, amma yenə də Prezident İlham Əliyev böyüklük göstərdi baş nazir Nikol Paşinyana münasibətdə! Ermənistanın Türkiyə kimi qos-qocaman dövlətə qarşı sərsəm “soyqırım” və ərazi iddilarına, bu iddiaların indiyədək konstitusiyada belə əks olunmasına rəğmən, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bu ölkənin hökumət başçısının əlini sıxdı, üzünə güldü, barış mesajları verdi.
Bundan əlavə, həm Türkiyə, həm də Azərbaycan liderlərinin Fransa prezidenti Emmanuel Makrona münasibətdə “heç nə olmamış kimi” davranmaları böyüklük nümunəsiydi. Makronun Azərbaycana qarşı sonuncu pisliyi Ermənistanın sentyabr təxribatından sonra israrla BMT TŞ-nin növbədənkənar sessiyasını çağıraraq ölkəmizə qarşı sanksiya qərarı qəbul etdirmək cəhdi oldu. Amma əbədi sülh naminə bunların da üstündən keçildi Praqada. Hətta cənab Ərdoğanın “Makron, gəl səni Türk Birliyinə alalım”, mesajının da dərin mənası var idi. Həm də o demək idi ki, sizin Türkə düşmən gözü ilə baxmağınıza, Avropa Birliyinin qapılarını Türkiyənin üzünə bağlamağınıza rəğmən, biz Fransaya da Türk Birliyində qapı aça bilərik. Bu qədər böyükdür türk!
Bu atmosferdə keçirilən görüşün ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşü keçirildi.
Faktiki olaraq bir türk üç erməniyə, erməni mövqeli liderə qarşı dayanmışdı qalib, məğrur görkəmdə! Görüş dördlük yox, beşlik formatında keçirilməli idi, məntiqlə. Həm də balansın mövcudluğu baxımından. Amma görünür türkün uğurunu və böyüklüyünü həzm edə bilməyənlər fərqli format seçiblər, düşünüblər ki, Azərbaycan Prezidentinə hansısa formada təsir göstərə bilərlər birləşərək. Amma yəqin unudublar cənab Əliyevin illər öncə Avropa tribunasından dediyi “Türkiyə burada yoxdursa, mən buradayam” sözlərini.
Eyni zamanda Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, elə son görüşdə Makronu görəndən sonra baş nazirin necə “çiçəyinin çırtladığını” hamımız müşahidə etdik. Eyni zamanda Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq gizlətmir. Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər. Amma Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və iki hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı.
Görüşün yekununda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə keçiriləcək”. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır.
Bu yerdə zəruri bir əlavə edək ki, dövlətimizin başçısı Ermənistanı və onun rəhbərliyini, ümumiyyətlə, erməniçiliyi yaxşı bildiyi üçün görüş və razılaşma ilə bağlı vacib mövqeyini yerli televiziyalara açıqlayıb. Sitat: “Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”. Burada kifayət qədər ciddi məqamlar əksini tapır, həm Ermənistana, həm də görüşlər üçün vasitəçilik edənlərə yönəlik...
Tərəflər sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinə də razılaşıb. Azərbaycan neçə müddətdir ki, bu prosesdə dinamikanın olmasına çağırış edir, Ermənistansa status-kvonun saxlanılmasına cəhdlər göstərirdi. Görünür, rəsmi İrəvan “Sentyabr Dərsi”ndən sonra reallığı anlayıb.
Daha bir mühüm məqam budur ki, Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasını təşviq etməyə razılaşıb. Azərbaycan sözügedən missiya ilə ona aid olacaq dərəcədə əməkdaşlığa razılıq verib. Missiya maksimum iki ay müddətli olmaqla oktyabr ayında işə başlayacaq. Razılaşmaya əsasən, missiyanın məqsədi güvən yaratmaq və hesabatlar vasitəsilə sərhəd komissiyalarına kömək etmək olacaq. Qeyd edək ki, Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Şübhəsiz ki, masada Azərbaycan Prezidentinin dəfələrlə xatırlatdığı xəritələr də olacaq...
Praqa görüşünü qısaca şərh etdikdə, ümumi qənaət ortaya çıxır ki, beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha nümayiş etdirdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır. Məsələ burasındadır ki, Ermənistanın havası da, iqtisadiyyatı da, sərhədləri də Rusiyanın təsir dairəsindədir. Amma söhbət Azərbaycanla dəqiqləşdirilməyən sərhədlərdən gedirsə, bu, başqa mövzudur.
Bəzi müşahidəçilər Praqa bəyanatında Zəngəzur bəyanatı ilə bağlı müddəaların olmamasına diqqət çəkməyə çalışır. Sənəddə Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il 9 noyabr bəyanatı ilə tənzimlənir, bu məsələ hər zaman aktualdır, Azərbaycanın gündəmindədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək. Dövlət başçımız son açıqlamasında da bildirdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin olmaması normal hal deyil. Prezident Əliyev üçün Zəngəzur dəhlizinin açılması torpaqlarımızın işğaldan azad olunması qədər prinsipial məsələdir, bu, ermənilərə, onların havadarlarına da məlumdur.
Xülasə, Ermənistan üçün gerisayım başlamış sayıla bilər Praqa görüşündən sonra. Ermənistan hakimiyyəti anlaşmaya əməl edərsə, həm özünü, həm də ölkəsinin varlığını qoruya, hətta inkişaf etdirə bilər. Üstəlik, dinc tənzimlənmə Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edəcək mülki ermənilər üçün də xilas yoludur.
Reaksiya.az
Şərhlər