Bakı 10 noyabr bəyanatından çəkilə bilər - Ekspert
10.10.2022 13:32 Sosreaksiya 350
Ümumiyyətlə, Ermənistan nə 10 noyabr bəyanatına, nə də ondan sonra imzalanan bəyanatlara əməl edir.
Bu sözləri Axar.az-a Ermənistanın son iki gündə Azərbaycanın Kəlbəcər və digər bölgələrdəki mövqelərini atəşə tutmasını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert qarşı tərəfin qanunsuz hərəkətlərinin ölkəmizə 10 noyabr bəyanatından tam şəkildə çəkilmə haqqını verdiyini vurğulayıb:
“Üçtərəfli bəyanatın imzalanmasından artıq 2 ilə yaxın bir müddət keçir. Azərbaycan Zəngəzur dəhlizinin sərhədə qədər olan elementlərini artıq tamamlayıb, ancaq Ermənistan tərəfində hələ marşrut belə təyin olunmayıb. Görünən odur ki, Paşinyan ağzından çıxan sözə və atdığı imzaya hörmət etmir, verilən vədlərdən, götürülən öhdəliklərdən boyun qaçırmaq istəyir. Bu vəziyyət bizim üçün qəbuledilməzdir. Artıq dövlətimiz tərəfindən ən yüksək səviyyədə səbrimizin tükəndiyi bir neçə dəfə bəyan edilib. Ermənistanın hüquq tanımayan hərəkətləri, Kəlbəcər, Laçın, Gədəbəy, Tovuzu atəşə tutması Azərbaycana tam şəkildə 10 noyabr bəyanatından çəkilmə imkanı verir. Vəziyyətin belə inkişafı bölgəni 2020-ci ilin 9 noyabrına qaytara bilər. Şuşadan dərhal sonra bir neçə saatda Ordumuz 70-dən çox kəndi işğaldan azad etdi. Həmin hadisələri göz önünə aldığımızda Ermənistanın üzləşəcəyi ağır vəziyyəti təsəvvür etmək o qədər çətin deyil. Odur ki, rəsmi İrəvan bir daha dərindən düşünməlidir”.
Şərhlər