Özbəkistanda Beynəlxalq Debat Çempionatının sonuncu mərhələsi keçirildi

11.10.2022 16:39     Sosreaksiya     344

 Bu yaxınlarda İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) və Özbəkistan Gənclərlə İş üzrə Agentliyinin imzaladığı memoranduma əsasən, hər iki qurumun təşkilatçılığı və Özbəkistan Gənclər İttifaqı, Özbəkistan Gənc İş Adamlarına Dəstək Mərkəzi və Daşkənd Vetsminster Beynəlxalq Universiteti tərəfdaşlığı ilə Daşkənd şəhərində İƏGF-ARM-nin Beynəlxalq Debat Çempionatının növbəti mərhələsi keçirilib.  Qeyd etmək lazımdır ki, bu, İƏGF-ARM-nin bu il ərzində həyata keçirdiyi Beynəlxalq Debat Çempionatı proqramı üzrə keçirilən son tədbirdir.

Daşkənddə fəaliyyət göstərən Sinqapur Menecment İnkişafı İnstitutu, Vetsminster Beynəlxalq Universiteti, Dostluq Universiteti, Vebster Universiteti, Dövlət Hüquq Universiteti, ümumilikdə 8 ali məktəbi təmsil edən, xüsusi istedadı və aktivliyi ilə seçilən komandalar ingilis dilində keçirilən bu debat çempionatda iştirak ediblər. Tədbirdə əsasən “süni intellektin inkişafının bəşəriyyətə təsiri”, “bitkoin və başqa kriptovalyutaların təşviqi”, “işsizliyin yaranmasına aparan müasir texnologiyalar” və “texnoloji inkişafın insan həyatına müsbət təsiri” mövzuları ətrafında debatlar baş tutub.

Daşkənd Dövlət Hüquq Universiteti debat çempionatının qalib komandası seçilərək mükafatlarla təltif olunub, o cümlədən, bu yaxınlarda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Debat Çempionatında iştirak etmə hüququ əldə edib. Çempionatın “ən yaxşı” spikeri xüsusi hədiyyə ilə təltif olunub.

Tədbirin sonunda İƏGF-ARM-nin əməkdaşı Aydan Bağırlı qurumun Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov adından qalib və xüsusi fəallıq göstərən gənc iştirakçılara ünvanlanan təbrik məktubunu oxuyub.

Qeyd etmək lazımdır ki, İƏT məkanında gənclərin intellektual səviyyəsinin və liderlik bacarıqlarının artırılması məqsədi daşıyan bu beynəlxalq layihə ilk olaraq ölkələr üzrə milli mərhələdə keçirilir, daha sonra hər ölkədən qalib olmuş komandaların iştirakı ilə beynəlxalq yarış baş tutur.  İƏGF-ARM-nin təşəbbüsü ilə bu layihə milli səviyyədə ilk dəfə bu ilin fevral ayında Azərbaycanda keçirilib. Azərbaycanda qazanılmış təcrübə əsasında növbəti aylarda bu yarışlar digər ölkələrdə də İƏGF ARM tərəfindən təşkil olunması qərara alınıb. 

Qeyd etmək lazımdır ki, bu il ərzində Debat çempionatları Azərbaycan, Tatarıstan (RF), Qırğızıstan və Qazaxıstanda keçirilib.  

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar