"Facebook"da saxta profillər
21.08.2015 18:15 Sosreaksiya 3039

Sosial şəbəkələrdə userlərin sayı artdıqca saxta profillərin istifadə miqyası da genişlənir. “Saxta profil” dedikdə şəxsin özünə məxsus e-mail adresi ilə başqa adla qeydiyyatdan keçdiyi hesab başa düşülür. Siyasətçilərin, sənət adamlarının, idmançıların, bir sözlə, məşhur insanların adına açılan “fake” hesablara tez-tez rast gəlinir. Bu isə sözügedən insanların ictimai nüfuzuna xələl gətirməklə yanaşı, həm də cəmiyyəti çaşdırmağa yönəlir.
Reaksiya.az-a saxta hesablar barəsində açıqlama verən CASCFEN-in sədri Azər Həsrət bildirib ki, saxta profillərdən əsasən, öz adı altında yazmağa, davranmağa çəkinənlər istifadə edir. A. Həsrət Azərbaycanda bu kateqoriyadan olan insanları bir neçə sinfə bölür: “ Siyasət adamları – bunlar gizli adlar altında sosial mediada özlərini reklam etməyə, rəqibləri gözdən salmağa çalışırlar. Azərbaycana münasibətdə düşmən mövqedə olanlar – bu sinfə aid olanların məqsədi ölkədə müzakirələri yanlış yola çəkməklə vətəndaş sabitliyini pozmaq, informasiya müharibəsində bizi zəiflətməkdir. Bəzi qadınlar – bunların iddiası odur ki, yaxın qohumları olan kişilər onların internetdə görünməsini istəmir. Ona görə də saxta adlar altında sosial mediadan istifadə edirlər”
A.Həsrət bu üç əsas siniflə bərabər müxtəlif məqsədlər üçün saxta profillərdən istifadə edənlərin olduğunu da vurğuladı. O, ümumilikdə belə yanaşmanı etik hesab etmədiyini, hər kəsin öz adı altında görünməsinin daha düzgün olduğunu vurğulayib.
Hüquqşunas Vamiq Şükürov reaksiya.az-a facebookdakı saxta hesablarla bağlı qanunvericilikdə konkret qeydin olmadığını bildirib . O, əlavə edib ki, Facebook sosial şəbəkə olduğundan qanunda bununla bağlı müddəa yer almır. V.Şükürov fake profildən istifadə etməklə hər hansı şəxsin şərəf və ləyaqətinə xələl gətirilərsə, böhtan olarsa bu zaman həmin profil istintaq yolu ilə araşdırıla biləcəyini vurğulayıb .
Qeyd edək ki, saxta hesablardan istifadə Facebook qaydalarının pozulması deməkdir. Sözügedən şəbəkə nəhənginin 2015-ci il üçün verdiyi açıqlamada saxta hesabdan istifadə edənlərin ümumi sayının 50-60 milyon arasında dəyişdiyi qeyd olunurdu. M.Zukerberq mövcud problemin aradan qaldırılması üçün yeni tətbiqetmələr üzərində işlədiyini bildirib.
Şərhlər