“HURRİYYET TV” DÖVLƏT QURUMLARININ GÖSTƏRİŞİ İLƏ BAĞLANIB? – Rəsmi qurumlar 100 minlik “YouTube” kanalımızın ələ keçirilməsinə reaksiya vermir...

19.10.2022 16:38     Sosreaksiya     424

“Hürriyyət” qəzetinə məxsus 100 min nəfərlik “YouTube” telekanalı dünən səhər saatlarında hakerlər tərəfindən ələ keçirilib.

Reaksiya.az Hurriyyet.az-a istinadən bildirir ki, “Hurriyyet TV”-nin “Youtube” kanalını ələ keçirən hakerlər bütün e-mail hesablarının parollarını və telefon nömrələrini dəyişdikləri üçün adminlərin kanala giriş etməsi mümkün deyil. Bu səbəbdən, dünən və bu gün üçün nəzərdə tutulan bütün verilişlər baş tutmayıb. 

Qeyd edək ki, “Hurriyyet TV”-nin texniki əməkdaşları bu kiberhücumların ölkə daxilindən edildiyini istisna etmir. Odur ki, qəzetin, eləcə də eyniadlı sayt və “Youtube” kanalının Baş redaktoru Vüqar Məmmədov bu kiberhücumlarla bağlı Daxili İşlər naziri Vilayət Eyvazova, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə, eləcə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət ünvanlayıb.

Baş redaktor müraciətində dünən səhər saatlarında “Hurriyyet TV”-nin təxminən 100 min nəfər izləyicisi olan “YouTube” kanalının hakerlər tərəfindən ələ keçirildiyini diqqətə çatdırıb  və hər 3 qurumun rəhbərindən bu kiberhücumu həyata keçirən şəxslərin, o cümlədən də sifarişçilərin tezliklər tapılması və kanalın öz fəaliyyətini bərpa etməsi üçün müvafiq qurumlara göstəriş vermələrini xahiş edib.

Məlumat üçün bildirək ki, sözügedən müraciətinin üstündən artıq bir iş günü keçsə də, indiyədək qarşı tərəfdən heç bir reaksiya verilməyib. Hətta müvafiq qurumlar telefon zənglərimizə də cavab vermirlər. Bu isə, istər-istəməz bizdə belə bir qənaət formalaşdırır ki, “Hurriyyet TV”-nin bağlanması hakimiyyətdə olan müəyyən qüvvələrin marağındadır, burada rəsmi qurumların əlinin olduğu da istisna deyil.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar