Fəzail Ağamalı: “Ərdoğanın bu tədbirdə iştirakı Fransa və İran üçün soyuq duş effekti yaratdı”
21.10.2022 13:11 Sosreaksiya 505
Deputat Fəzail Ağamalı parlamentdəki çıxışında Şərqi Zəngəzurda Türkiyə və Azərbaycan liderlərinin iştirak etdiyi tədbirlərdən danışdı. O bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçısı İlham Əliyevlə dünən Zəngilanda hava limanın açılışında iştirakı əhəmiyyətli hadisə idi.
F.Ağamalı bildirdi ki, keçirilən tədbirlərdə Türkiyə dövlət başçısı olduqca ciddi mahiyyət kəsb edən açıqlamalar verdi, ATƏT-in, AŞ-nın mahiyyəti üzərində dayandı və 30 ildə viran qalan torpağa onların gəlməməsini qınadı, xüsusi olaraq Azərbaycanla bir yerdə olduğunu vurğuladı. Deputatın sözlərinə görə, bu, onu göstərdi ki, Türkiyə Prezidenti Ərdoğan və Türkiyə xalqı hər zaman Azərbaycanla birlikdədir: “Cənab Ərdoğanın Zəngəzurla bağlı mesajları da əslində bu layihənin əleyhinə olanların qarşısında Türkiyə dövlətinin iradəsinin də olduğunu bir daha bəyan etdi. Bu səfər bir daha göstərdi ki, qardaş Türkiyə xalqı Azərbaycanla birlikdə olacaq. Hər iki dövlətin birgə fəaliyyəti regiona, Türk dünyasına özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Bu, bir daha onu göstərdi ki, 44 günlük müharibədə olduğu kimi, Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq. Bundan başqa, Ərdoğanın bu tədbirdə iştirakının görüntüsü həm Fransa, həm də İran üçün soyuq duş effekti yaratdı”.
Şərhlər