“Ermənilər sərhədin hardan başlandığını bilmirlər” – Prezidentin köməkçisi

08.11.2022 13:33     Sosreaksiya     387

“Qarşımızda duran əsas vəzifə Qafqazda sülhün bərqərar olmasıdır”.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyədə keçirilən “Qarabağ Zəfəri” adlı konfransda bildirib.

“Azərbaycan Ermənistanın 30 illik işğalçı siyasətinə baxmayaraq, özünün barış istəyini ortaya qoyub. Azərbaycan Ermənistana sülhün 5 prinsipini təqdim edib. Bu 5 prinsip beynəlxalq hüquqa əsaslanır. Bunun başqa cavabı yoxdur: hə və ya yox! Biz Ermənistandan cavab gözləyirik ki, bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik, ya yox. Bunun əsnasında sülh müqaviləsini imzalamağa hazırıq. Amma Azərbaycan xalqı Xocalını, 30 illik zülmü heç vaxt unutmayacaq. Təbii ki, sülh olacaq, amma bu xatirələr heç vaxt yadımızdan çıxmayacaq. Bununla bərabər qardaş Türkiyə də Ermənistana sülh əlini uzadıb. İndi seçim Ermənistanındır. Cənubi Qafqazda artıq siyasi reallıq dəyişib və bunu Azərbaycanla Türkiyə birlikdə edib. Liderlərimiz də Şuşada “Şuşa Bəyannaməsi”ni imzalayıblar. Biz bilirik ki, Azərbaycan və Türkiyə müttəfiq idi, amma bu bəyannamə ilə bir daha təsdiqləndi. Bəyannamə gələcək nəsillərə əmanət olunur".

Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, digər tərəfdən Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyası məsələsini təklif edib:

"Ermənistanın yanlışı odur ki, onlar hələ də sərhədlərin haradan başlandığını bilmirlər. Amma onlar istəsə də, istəməsə də Azərbaycanın Kəlbəcərdən, Laçından Qazaxa qədər sərhədləri var. O sərhədlərə hörmət etməyə məcburdurlar. 12-13 sentyabrda onlar bizə qarşı növbəti dəfə təxribat törətməyə qalxdılar. Amma ordumuz tərəfindən qətiyyətli cavab aldılar. Biz sülhün tərəfdarıyıq, amma Ermənistan tərəfindən belə təxribatlar olarsa, onların cavabını verməyə hazırıq. 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyirdi ki, erməni tanklarının üstündə Bakıya çay içməyə gələcəyik, amma o günləri görmədilər. Bu gün həmin tanklar Qənimətlər Parkında hərbi qənimət kimi sərgilənir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar