Naxçıvan gömrüyündə bu qadağalar ləğv olundu

28.11.2022 12:46     Sosreaksiya     349

Sədərək və Culfa gömrük məntəqələri İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bəzisini aradan qaldırıb.

Reaksiya.az xəbər verir ki, bu haqda xəbəri “Gündəlik Naxçıvan” səhifəsi yayıb.

Bu məntəqələrə müvəqqəti olaraq, Bakıdan yoxlama üçün gələn DTX əməkdaşları nəzarət edir. Yerli sakinlərin verdikləri məlumata görə, Türkiyəyə getmək üçün 15 günlük məhdudiyyət və 5 kiloqram ərzaq keçirmək şərti artıq tətbiq edilmir. Bundan əlavə, İran və Türkiyədən gətirilən ərzaqlara da qadağalar aradan qaldırılıb.

Şahbuz rayon sakini Əli Bayramov deyib ki, noyabrın 24-də Sədərək gömrüyündən Türkiyəyə rahat keçib və istədiyi ərzağı alıb, geri qayıdıb:

"Eşidəndə ki, 5 kilo ərzaq keçirmək şərtini qaldırıblar, qulaqlarıma inanmadım. Giriş və çıxışda Bakıdan gələn DTX əməkdaşları oturub, nəzarət edirlər. Gömrük işçiləri quzuya dönüblər. Hər dəfə gedib-qayıdanda bizi təhqir edən, mallarımızı əlimizdən alan əməkdaşlar birdən-birə dəyişib, mülayim, mədəni adamlara çevriliblər.

Əvvəl adambaşına 5 kilodan artıq ərzaq qadağan idi, ət isə qəti olmazdı. İndi isə hər şey sərbəstdir. İnsanlar azadlığa çıxıb. Bizdən 4-5 dəfə ucuzdur deyə, ərzağı maşın-maşın daşıyırlar Türkiyədən. Hamı bilir ki, bu hal müvəqqətidir".

Culfa Gömrük Məntəqəsi də ərzaq və digər məhsulların gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Babək rayon sakini Yaşar Həsənov deyir ki, bu səbəbdən İrana da axın artıb:

"İranda qiymətlər çox ucuzdur. Əvvəl bir kilo da olsun, ərzaq buraxmırdılar. Bu dəfə sərhəd açılandan, heç nə demirlər. Digərləri kimi mən də özümlə zəruri ərzaq məhsulları aldım və rahat keçirə bildim. Ayda 30 kiloqram norma var. Amma güzəşt edirlər".

Ötən həftədən bəri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir.

İddialara görə, saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavinin Səbuhi Novruzov da var. Səbuhi Novruzov Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun yeznəsi, Səhət Həbibbəyli isə AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğludur.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar