Mühafizə Xidməti peşə bayramını qeyd etdi - FOTOLAR

22.08.2015 10:03     Sosreaksiya     3548

Avqustun 23-ü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür.

Reaksiya.azxəbər verir ki, bu münasibətlə Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri və əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətə başlamasının 22-ci ildönümü münasibətilə keçirilən mərasim ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başladı.

Mərasimdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov 1993-cü ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Xüsusi Dövlət Mühafizə Xidmətinin ötən dövrdə böyük və şərəfli yol keçdiyini bildirdi. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğıdan danışdı.

Xidmətin digər strukturlarla yanaşı, ölkədə təhlükəsizliyin təmin olunmasında yaxından iştirak etdiyini deyən Vaqif Axundov dövlətimizin başçısının bu qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların sosial-məişət qayğılarının həlli istiqamətində gördüyü tədbirlərin böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğuladı. O, Prezident İlham Əliyevin Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin bir qrup hərbi qulluqçusunun xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və peşə bayramı münasibətilə orden, medal və fəxri adlara layiq görüldüyünü bildirdi. Dövlətimizin başçısının digər Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi - Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsinin verildiyini qeyd etdi.

Mərasimdə çıxış edən Elşad Həmidov ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirdi.

Sonda Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov onların fəaliyyətinə verdiyi dəstəyə və göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə bir daha təşəkkürünü çatdırdı.

Şərhlər

Çox oxunanlar