Sülhməramlıların və erməni tör-töküntülərinin təxribatları: “Anti-terror əməliyyatları qaçılmaz olacaq”
29.11.2022 13:21 Sosreaksiya 366
"Rusiyanın sülhməramlı qüvvələri ərazimizdə yerləşdirildiyi vaxtdan bu günə qədər Rusiyanın Cənubi Qafqazda geosiyasi maraqlarına uyğun hərəkət edir. Ən müxtəlif üsullarla problemin həmişəlik həllinə mane olmağa cəhd göstərir. Çalışır ki, bu konflikt uzunmüddətli olsun. Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşmiş olduğu ərazimizdə səlahiyyətlərindən kənar və imzalanmış 10 Noyabr Bəyannaməsinin prinsiplərinə zidd həərkətlərini ortaya qoymaqdadır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O, qeyd edib ki, Rusiya heç də sülhməramlı dövlət kimi öz iradəsini ortaya qoymur:
"Mən deməzdim ki, bu, sülhməramlıların və onun komandanlığının özfəaliyyətidir. Onlar bu təlimatı Kremldən alırlar. Rusiyanın siyasi-hərbi rəhbərliyi bu təlimatı onlara verir. Onlara da təlimata uyğun olaraq öz davranışlarını həyata keçirirlər. Bütün bunlar Rusiyanın problemin həllinə yönəlmiş olan cəhdlərinin məkrli olduğunu göstərir. Bəlli olur ki, Rusiya heç də sülhməramlı dövlət kimi öz iradəsini ortaya qoymur. Əksinə, çalışır ki, problem dərinləşsin. Sülh sazişi bağlanılmasın. Beləliklə, Rusiya öz mövqelərini Cənubi Qafqada bu platformada qoruyub saxlaya bilsin.
Nəzərə alsaq ki, indi Rusiya Ukraynada bataqlıqdadır. Buna baxmayaraq, yenə də özünün imzalamış olduğu bəyanatları ayaq altına ataraq özünün işğalçılıq siyasətini nümayiş etdirir. Onların gözünün önündə Ermənistanın vaxtilə silahlı qüvvələrinin indi Qarabağda qalmış tör-töküntüləri həm silahlandırılır, həm də onlara imkan yaradılır ki, orada mövqe möhkəmləndirsinlər. Mən şübhə etmirəm ki, onlara təlimatlar da verilir ki, onlar vaxtaşırı atəşkəs rejimini pozurlar. Bu, sona qədər gedə bilməz. Son vaxtlar Müdafiə Nazirliyi bununla bağlı, sülhməramlıların özbaşına hərəkətləri ilə bağlı bəyantalarını yayıb. Rusiyanın Müdafiə Nazirliyinə xəbərdarlığını edib. Əminəm ki, bu, Rusiya rəhbərliyinə də bu özbaşınalıqla çatdırılır və buna son qoymaq tələb edilir. Təəssüf doğuran haldan biri də odur ki, Rusiya yenə də, xüsusilə, onun Müdafiə Nazirliyinin xəritəsində köhnə erməni adları gündəliyə gətirilir. Bu da bizi qıcıqlandırır. Onsuz da inam yoxdur, bu da Rusiyaya olan inamı lap zəiflədir. Bu da Rusiya-Azərbaycan xoş münasibətlərinə ziddiyət təşkil edir”.
Deputat qeyd edib ki, ermənilərin təxribatları davam edərsə, Ordumuzun anti-terror əməliyatları qaçılmaz olacaq:
"Əgər Ermənistan silahlı qüvvələri sülhməramlı qüvvələrin himayəsi ilə özbaşınalıqlarını bundan sonra da davam etdirsə, bizim qəhrəman əsgərlərimizin anti-terror əməliyyatları keçirməsi qaçılmaz olacaq. Necə ki, bundan əvvəl Fərrux yüksəkliyi ətrafında həmin hərbi əməliyyatlar keçirildi və lazımi nəticələrimiz əldə etdik. Hər halda bu, xoşagələn hadisə deyil. Lakin Azərbaycan güclü dövlətdir, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti ortadadır. Hadisələrin gedişinə uyğun olaraq da müvafiq addımlar atılır. Ehtiyac olarsa, bu addımlar daha da sərtləşdirilər”.
Şərhlər