Etibar Əliyev: “Aşkarlanan korrupsiya Naxçıvanın büdcəsinin yarısından çoxunu təşkil edir”
02.12.2022 14:01 Sosreaksiya 752
“Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir. Bu fikirlər “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 99-cu kitabında yer alır. Bütün bunlar dövlət özəl tərəfdaşlığının səmərəli qurulması üçün təməl prinsiplərdir”.
Deputat Etibar Əliyev bu fikirləri Milli Məclisdəki müzakirələrdə söylədi. Deputat bildirdi ki, müzəffər Ali Baş Komandan bütün çıxışlarında ölkəmizin inkişafına mane olan hərəkətləri açıq şəkildə pisləyir və çox hallarda cavabdeh şəxslərə məmurlara ciddi xəbərdarlıq edir: “Əlbəttə ki, tapşırıqlardan nəticə çıxaranlar olur. Nəticə çıxarmayanları isə öz əməlləri cəzalandırır. Ölkəmiz zəfərimizlə nəticələnən ağır müharibədən çıxdı. Xalqın prezidentin ətrafında möhtəşəm birliyini gördük. “Beşinci kolon”un mənfur nümayəndələri hesab edirdilər ki, ölkə iqtisadiyyatı müharibənin ağır xərclərinə dözməyəcək. Yanıldılar. Bəlli oldu ki, ölkədə aparılan iqtisadi siyasət düzgündür. Bu adamlar neftin qiyməti düşəndə toy bayram edirlər”.
Deputat qeyd etdi ki, şəffaflıq idarəetmənin güclü olduğunu göstərən əsas amildir: “Maksimum şəfafflıq minimum korrupsiya və büdcə oğurluğu deməkdir və bir də var ayrılan dotasiyanı oğurlamaq. Bu, sırf Naxçıvan modelidir.
Prezident İlham Əliyev bir neçə il bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini qəbul edərkən söylədi ki, “Naxçıvan Muxtar Respublikasının büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır. Dəqiq rəqəmlə desək, 385 milyon manatın cəmi 85 milyonu yerli gəlirlər hesabınadır. Muxtar Respublikanın büdcəsinin qalan hissəsi - 300 milyon manatı Bakıdan dotasiya olunur. Sonrakı illərdə dotasiya bir xeyli artırıldı”.
Prezident qəbul zamanı Vasif Talıbova tapşırıq verdi ki, bütün ölkədə olduğu kimi bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin olunmalıdır. Ancaq nə baş verdi; son iki epizod üzrə aşkarlanan korrupsiya Naxçıvanın büdcəsinin yarısından çoxunu təşkil edir. Zəfərdən əvvəl və sonra ölkəmizdə aparılan islahatlardan hansısa region kənarda qala bilməz. Və bu gün Naxçıvanda aparılan struktur maliyyə və iqtisadi islahatlar alimlər, yazıçılar və deputatlar tərəfindən birmənalı olaraq dəstəklənməlidir. Burada susqunluq itirilmiş zamanın bölgəyə vurduğu ağır nəticələrə bəraət qazandırmaq deməkdir. Bəs demoqrafiq vəziyyət? Bu bir qədər gec sağalan yaradır. Düşünürəm ki, Bunun nizama salınması çox böyük vaxt tələb edir. Bunun da ayrıca və daha ağır cəzası olmalıdır”.(musavat)
Şərhlər