Rasim Məmmədov son söz dedi
26.12.2022 13:33 Sosreaksiya 573
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov son söz deyib.
O bildirib ki, heç bir cinayət törətməyib.
Rasim Məmmədov məhkəmədən bəraət istəyib: "Bizim nəsildə cinayətkar olmayıb, heç kimin üzünə durub şərləməmişik. Zavodu özüm almışam, pulunu mən vermişəm, özüm də tikmişəm. Zavod tikmək cinayətkarlıqdırmı? Mən iş adamıyam, məmur deyiləm. Məni sahibkar kimi dünyanın hər yerində tanıyırlar. İstərdim ki, bəraətimi Azərbaycan məhkəməsindən alım. Nə iş görmüşdüm ki, həbs olundum? Məhkəmədən xahiş edirəm mənə bəraət versin".
Son sözdən sonra məhkəmə müşavirəyə yollanıb. Hökmün nə vaxt olunacağı açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Rasim Məmmədovun 15 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.
Şərhlər